TƏBİB-in tabeli tibb müəssisələrində “Könüllü TƏBİB”lər fəaliyyət göstərir - FOTO

 18:17 22.09.2023     338

Tibb sahəsində könüllülük fəaliyyətini inkişaf etdirmək, gənclərin erkən əmək fəaliyyətinə cəlb olunması nəticəsində klinik bacarıqlarının yüksəlməsini təmin etmək, gələcəkdə məzun olacaq tələbələrin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrində işləməsinə marağın artırılması, həmçinin tibb müəssisələrinə öncədən adaptasiyası, icbari tibbi sığorta sistemi və tətbiqini öyrənməkdə köməkliyin göstərilməsi məqsədilə “Könüllü TƏBİB” layihəsinə start verilib.

TƏBİB-dən Redaktor.az-a verilən məlumata görə, ilkin mərhələdə layihəyə 2 nömrəli Bakı Baza Tibb Kollecinin və Azərbaycan Tibb Universitetinin İctimai səhiyyə fakültəsi üzrə təhsil alan 80 nəfərə yaxın tələbə qoşulub.

Tələbələr TƏBİB tabeliyindəki Yeni Klinika, Kliniki Tibbi Mərkəz, Mərkəzi Neftçilər Xəstəxanası, Respublika Perinatal Merkezi, Respublika Klinik Xəstəxanası, Suraxanı Tibb Mərkəzi, Abşeron Rayon Mərkəzi Xəstəxanası, Sumqayıt Tibb Mərkəzi, Respublika Neyrocərrahiyyə Xəstəxanası və Sabunçu Tibb Mərkəzində iki aylıq könüllülük fəaliyyəti ilə məşğul olublar.

Onlara TƏBİB, icbari tibbi sığortanın tətbiqi, ixtisaslı tibbi yardımın təmin edilməsi məqsədilə göndərişlərin verilməsi və tənzimlənməsi, etik davranış qaydaları və həmçinin vətəndaşlarla ünsiyyət bacarıqları haqqında 2 günü əhatə edən təlimlər keçirilib.

Qeyd edək ki, “Könüllü TƏBİB” layihəsinin regionlarda yerləşən tibb kolleclərində də keçirilməsi nəzərdə tutulub.

22