Ali diqqət

 15:47 26.09.2023     399

Vətən müharibəsi, 2-ci Qarabağ savaşı, 44 günlük şanlı Zəfər tarixindən artıq üç il ötür… Çox tez keçdi bu üç il, lakin 44 gün bitmək bilmir… Bir ömrə sığmayan şanlı tarix…

Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Vətənimizin tarixində, millətimizin ürəyində özlərinə ölməzlik abidəsi ucaldan Azərbaycan şəhidləri hər zaman diqqət mərkəzindədir.

Bütün dövlət əhəmiyyətli tədbirlərdə, xalqın xeyrində, şərində Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ölkə rəhbərimiz başda olmaqla xalqımızın şəhidlərini uca tutmasından və onları daim yad etməsindən irəli gəlir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva hər zaman şəhid ailələrinə, Qarabağ müharibəsi əlilləri və onların ailə üzvlərinə xüsusi diqqət və qayğı göstərir. Vətən müharibəsində iştirak edən və yaralanan hərbçilərin müalicəsi, eləcə də onların sağlamlıqlarının bərpası hər zaman diqqət mərkəzində saxlanılır. Şəhid ailələri və müharibə əlillərinin sosial təminatı, postmüharibə dövründə sosial dəstək, məşğulluq, mənzil, fərdi ev və avtomobil, həmçinin müasir reabilitasiya vasitələri ilə təminatı istiqamətində ciddi addımlar atılır. 

Eyni zamanda, Salyan rayonu üzrə 167 nəfər Qarabağ müharibəsi əlili var. Vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə sağlamlıqlarını itirən bu qəhrəman insanlar həmişə dövlətin diqqət mərkəzindədirlər. Onlarla tez-tez görüşlər keçirilir, ehtiyacları ilə maraqlanılır. Mənəvi dəstək isə hər zaman ilk diqqət ediləcək məqamdır. Hər görüşdə şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi əlilləri qalib dövlətin vətəndaşları kimi Ali Baş Komandanımızla fəxr etdiklərini deyir, azad edilmiş ərazilərimizdə Azərbaycan Bayrağının dalğalanmasından iftixar hissi keçirdiklərini bildirirlər. Qeyd edirlər ki, Azərbaycanın möhtəşəm Zəfərinə, doğma Vətən torpaqlarının mənfur erməni faşizmindən xilas olmasına görə şəhidlərimizin ruhu da sevinir.

Azərbaycan şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər. Hər bir qazi və şəhid ailəsi Prezident İlham Əliyevin xüsusi tapşırığına əsasən hər zaman dövlətin diqqət mərkəzindədir. Bir sözlə, qazi və şəhid ailələrinə xüsusi qayğının göstərilməsi dövlətin mütləq prioritetidir. Vətən müharibəsində Qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenlərinin və 15 medalın təsis olunması Qələbənin əbədiləşdirilməsi, eyni zamanda, hər bir müharibə iştirakçısına ayrılan ali diqqətin təcəssümüdür.

Asiyə Əliyeva,

Salyan rayon Qardili kənd tam orta məktəbin müəllimi, YAP fəalı