"Xocalı şəhəri artıq bizim nəzarətimizdədir" - Rayonun deputatı

 16:16 26.09.2023     579

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki,  Xocalının əsl sahibləri Xocalıdadır.

“Azərbaycan məsələni özü həll etdi. İndi Xocalıda kim var? Xocalının əsl sahibləri... Bütün şəhidlərə Allahdan rəhmət diləyirik. Azərbaycan ordusu Xocalıya xaos, qan və ölüm deyil, sülh və əmin-amanlıq gətirmək üçün girdi. İllər əvvəl erməni quldur dəstələri kimi ora girməmişdi. İnsanları qırmağa getmirdi. O, haqq etdiyi sülh və əmin-amanlığı təmin etmək üçün Xocalıya daxil oldu. Arxasında qələbələrin müjdəsi ilə öz torpağına girdi. İndi Azərbaycanın suverenliyi altında həm Xocalı, həm də Qarabağ üçün daimi sülh və əmin-amanlıq zamanıdır. Ermənistanın vəzifəsi bu sülhü bərqərar etmək və qorumaq üçün sülhün tərəfində olmaqdır”, - deyə Türkiyə lideri bildirib.

Azərbaycan əsgərinin Xocalıya daxil olması haqqında Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov Redaktor.az-a danışdı.

Deputat dedi ki, Rəcəb Tayyib Ərdoğanın açıqlmasından əlavə həm də Xocalıdan saytlara, sosial şəbəkələrə müəyyən görüntülər qoyulur:

"Eyni zamanda çox fəxrlə, qürurla deyə bilərəm ki, bizim Xocalı sakinlərindən bir neçə nəfər o əməliyyatlarda iştirak edən hərbi hissələrimizin tərkibindədirlər və üç gün bundan qabaq onlar bizi təbrik etdilər. Göz aydınlığı verdilər ki, artıq Xocalıdayıq. Yəni Xocalı tək Xocalının özündən ibarət deyil, Xocalı rayonunun 53 kəndi, bir qəsəbəsi, bir şəhəri var. Yəni bunların əksəriyyəti Xocalı şəhəri də daxil olmaqla artıq bizim nəzarətimizdədir. Bundan böyük sevinc nə ola bilər? Biz artıq həm Xocalımıza, həm digər hər yerə öz bayrağımızı sancmışıq. Hər yer bizim nəzarətimizdədir. Cənab prezident dediyi kimi suverenliyimiz tam bərpa olunub. Digər ərazilərimiz düşməndən azad olunandan sonra, necə ki, orada təmizləmə, təhlükəsizliyin təminatı işləri aparılandan sonra sankinlərinə səfərinə icazə verildi, bu proses indi də olacaq. Biz də həmin günü, həmin vaxtı səbirsizliklə gözləyirik. Çünki oxuyub görürük ki, düşməndən, separatçılardan təmizlənən hər bir yaşayış məntəqəmizdən nə qədər silah-sursat anbarı aşkarlanır. Ötən gün isə hərbi yük maşınımız minaya düşdü, itkimiz oldu. Bax, bu səbəbdən də biz səbirsizliklə gözləyirik ki, təmizlənən, tərksilah olunan bütün ərazilərimizdə təhlükəsizlik işləri aparılmağa başlayacaq və başlanılıb. Biz böyük sevinc hissi ilə 32 illik həsrətdən sonra doğma Xocalımıza qayıdacağıq".

Humay İSGƏNDƏRLİ