Azərbaycanı Zəfərə aparan gün

 16:06 26.09.2023     309

Dövlətimizin qətiyyəti, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun gücü, qüdrəti, xalqımızın dəmir yumruq kimi birliyi sayəsində qazandığımız şanlı Qələbədən üç il ötür. 30 illik torpaq həsrətinə, işğala son qoyan, ərazi bütövlüyümüzün təmin olunması ilə qalib ölkə kimi təqdimatımızda əhəmiyyətli rol oynayan bu tarix xalqımızın qüdrətinin, milli qürurumuzun təntənəsidir. Hər bir tarixi gün keçilən yolun təhlilini bir zərurət kimi ortaya qoyur. 30 il xalqımız bu günü böyük səbirsizliklə gözləsə də əmin idi ki, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində torpaqlarımız öz tarixi sahiblərinə qovuşacaq, keçmiş məcburi köçkünlər doğma yurd-yuvalarına qayıdacaq, Qarabağımız cənnət məkana çevriləcək.  

27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin törətdikləri növbəti təxribat artıq dövlətimizin və xalqımızın səbir kasasını doldurdu. Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin “İrəli!” əmri illərdir bu tapşırığı gözləyən Azərbaycan əsgərinin döyüş ruhunu yüksəltdi. İkinci Qarabağ müharibəsinin başlandığı ilk gündən Cəbrayılın və Füzulinin bir neçə kəndinin azad edilməsi əsgərlərimizin qələbə əzmini artırdı, növbəti zəfərlərə yol açdı. 44 günlük müharibə nəticəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi. “Ermənistanın Azərbaycana qarşı növbəti təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri azad etməyə başladı. 44 gün davam edən və Vətən müharibəsi olaraq adlandırılan müharibə Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatdı. Azərbaycanın mədəniyyət paytaxtı hesab edilən Şuşa şəhəri Şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı”.

Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş hərbi qulluqçular Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunub. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək olaraq vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün “YAŞAT” Fondu yaradılıb. “YAŞAT” Fondu tərəfindən indiyədək 78 milyona yaxın vəsait toplanmış və müvafiq istiqamətlər üzrə həmin vəsaitin xərclənməsi davam etdirilir.    

Həmişə bizim olmuş Qarabağımızda şanlı bayrağımız bu gün qürurla dalğalanır. Bu, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının ən böyük arzusu idi. Erməni vandalları tərəfindən talan edilmiş ərazilərimizdə hazırda abadlıq-quruculuq işləri aparılır. Azərbaycan tarix yazır, tarixi nailiyyətlərə imza atır. Əminliklə söyləyə bilərik ki, Azərbaycan bundan sonra da Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yeni qələbələr qazanacaq, üçrəngli bayrağımız Zəfər zirvəsində daim dalğalanacaq. 

Dilbər Qurbanova,

Salyan rayon Pambıqkənd kənd tam orta məktəbin direktoru