“Dəmir yumruq” və ali ədalətin təntənəsi

 16:11 26.09.2023     360

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı birləşmələrinin ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır. Azərbaycan  Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda  gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir. Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla hərbi cinayətlər törətmişdir. Vətən müharibəsində Silahlı Qüvvələrimizin  3000 nəfərədək hərbi qulluqçusu şəhid olmuş, onlarla hərbi qulluqçumuz itkin düşmüş, min nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirərək qazi olmuşdur. İşğal altında olan torpaqlarımız qəhrəman  şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunmuşdur.

Azərbaycana qarşı ərazi iddialarında olan erməni daşnakları bəzən tarixi fürsətlərdən yararlanmaqla öz məkrli niyyətlərinə çatmış, bəzən də arzularına çatdıracaq fürsətlərin yaranmasını zamana buraxaraq yeni bir fürsətin yaranmasını gözləsələrdə amma buna nail ola bilmədilər. Çünkü Müzəffər Ali Baş Komandan Prezident cənab ilham Əliyev tərəfindən aparılan islahatlar artıq öz bəhrəsini verməyə başlamışdır. Bu da ölkənin həm daxili, həm də xarici siyasətlərində uğurların əldə olunması idi. Azərbaycanın ölkə başçısının “Qarabağ düyününü” gələcək nəsilə miras qoymaq kimi bir fikri yox idi. Qətiyyətliliyi və uzaqgörənliyi ilə hər zaman dünya siyasətçilərini heyran qoyan Prezident cənab İlham Əliyev bütün məsələlərin danışıq yolu ilə həllinə çalışaraq regionda sülhün və sabitliyin bərqərar olmasını istəyirdi. Bu həm Azərbaycanın, həm də Ermənistanın inkişafı demək idi. Ancaq bundan nəticə çıxarmaq istəməyən Ermənistanın aqibəti 2020-cilin sentyabrın 27-də başlayan 44 günlük Vətən Müharibəsinin, 2020-ci il 8 noyabrda Azərbaycan ordusunun tarixi zəfəri ilə nəticələnən biabırçı məğlubiyyəti oldu.

2020-ci il 10 noyabrda Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının  baş naziri tərəfindən üçtərəfli atəşkəs bəyanatı imzalandı. Bu bəyanata əsasən Ermənistan Qarabağda olan silahlı birləşmələrini çıxarmalı, Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası ilə nəqliyyat əlaqələrini təmin etməli idi. Ancaq havadarlarına arxalanan Ermənistan rəhbərliyi bu günə qədər üçtərəfli atəşkəs bəyanatının tələblərini yerinə yetirməkdən dolayı yollarla boyun qaçırırdı. Onu da qeyd etmək istərdim ki, ölkəmiz tərəfindən üçtərəfli atəşkəs bəyanatında göstərilən bütün tələblər yerinə yetirilmişdir.

Azərbaycan və Ermənistan rəhbərləri arasında keçirilən bütün görüşlərdə üçtərəfli atəşkəs bəyanatının yerinə yetirlməsi ilə əlaqədar razılıq əldə olunmasına baxmayaraq, bu günə qədər bir çox məsələlər hələ də həll olunmayaraq qalırdı. Biabırçı məğlubiyyəti ilə razılaşmaq istəməyən Ermənistan bəzən sərsəm bəyanatlar da verməkdən çəkinmir. İkili siyasət aparan bəzi avropa ölkələri bu mənzərəyə sadəcə seyirci olaraq qalmaqla kifayətlənirdi. Zaman keçdikcə kimin haqlı olduğu, kiminsə haqsız olduğu gün işığı kimi bəlli olurdu. Anlamaq olar ki, niyə bu “Qarabağ məsələsi” indiyə qədər öz həllini tapmayıb. Çünki haqsız olduğunu bildiyi halda başqasının gözünə məharətlə kül üfürməyi bacaran Ermənistan milli xarakterə sahib bir rəhbər tərəfindən idarə edilmir. Nəticədə, gələcəkdə Ermənistan adlı bir dövlətin tarixin səhifəsindən silinməsi ilə nəticələnə bilər. Onsuz da Ermənistan ərazisi Azərbaycan xalqının doğma torpaqlarıdır.

Ölkəmizin davamlı və tarazlı inkişafı ilə əlaqədar Müzəffər Ali Baş Komandan Prezident cənab İlham Əliyevin 07 iyul 2021-ci il tarixli Fərmanı ilə “Dağlıq Qarabağ Muxtar Vilayəti” Qarabağ İqtisadi rayonu kimi adlandırıldı. Bununlada Ermənistan–Azərbaycan münaqişəsinin əsasında həll olunmayan məsələ kimi duran Qarabağın status məsələsi  birdəfəlik həll olundu. Bu Fərmana əsasən artıq heç kim status məsələsini gündümə gətirə bilməz. Bu Fərman bir daha sübut etdi ki, Azərbaycan ərazisində yalnız onun Konstitusiyasının qanunları keçərlidir və bu istiqamətdə heç kim dövlətimizə təzyiq göstərə bilməz.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev dəfələrlə Ermənistan rəhbərliyini xəbardar edərək bildirmişdir ki, bizim səbrimiz tükənməz deyil. Dəmir Yumruq buradadır, yerindədir. Heç yerə getməyib. Azərbaycan tərəfinin bu xəbardalıqlarına məhəl qoymaq istəməyən Ermənistan ya yenidən müharibə etməli, ya da ki, tələbləri yerinə yetirməli idi. Təbii ki, Ermənistanın revanşist qüvvələri Azərbaycanla yenidən müharibə etmək fikrində idilər. Bu bir həqiqətdir ki, 44 günlük Müharibədən sonra darmadağın olmuş Ermənistan ordusu Azərbaycanın şanlı və qəhrəman ordusu ilə açıq döyüşə girmək qabiliyyətində deyildir. Ancaq Ermənistan yenədə öz məqsədlərindən əl çəkmək niyyətində deyildi.

19 sentyabr 2023-cü ildə Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşlarını aparan avtomobilin Xocavənd rayonunda minaya düşərək 9 nəfərin həyatını itirməsi və erməni quldur dəstələri tərəfindən mütamadi olaraq atəşkəsin pozulması Azərbaycanın səbr kasasını daşıran hallar oldu. Ermənistanın daima regionda siyasi gərginlik yaratmaqla digər qüvvələrin istəyinə uyğun xidmət etməsi, üçtərəfli bəyanatın tələblərini yerinə yetirmək niyətində olmaması, Azərbaycan tərəfini məsələnin kökündən həll olması üçün alternativ tədbirlər görməsinə vadar etdi. Beləliklə, 19 sentyabr 2023–cü il tarixdə Azərbaycan ordusu tərəfindən Qarabağ iqtisadi rayonunda yerləşən erməni terrorçularına qarşı antiterror əməliyyatına başlanıldı. Azərbaycan tərəfindən irəli sürülən tələblər açıq və konkret olaraq qarşı tərəfə çatdırıldı. Uzaqgörənliyi və dahiyanə siyasəti ilə bütün dünyaya Azərbaycanın haqlı olduğunu sübut edən Cənab Prezident İlham Əliyev bu tələblərin yerinə yetirilmədiyi halda antiterror əməliyyatın sona qədər davam edəcəyini bəyan edərək bu məsələdə qətiyyətli olduğunu bir daha sübut etmiş oldu.

Cəmi 24 saat davam edən qısamüddətli əməliyyat Azərbaycanın 44 günlük müharibədən sonra öz ərazilərində hakimiyyətinin bərpası baxımından ən önəmli hadisədir. Onu da qeyd etmək istərdim ki, antiterror əməliyyatı zamanı ermənilərə havadarlıq edən dövlətlərdən heç bir kəskin reaksiya olmadı. Hətta Ermənistan rəhbərliyi belə, bu əməliyyatın Azərbaycanın daxili işidir və ona qarışmayacağıq deyərək bəyan etməsi, onların siyasətinin Cənab Prezident İlham Əliyevin uzaqgörənliyi və qətiyyətliyi nəticəsində iflasa uğradığının bir göstəricisidir. Nəhayət Azərbaycan ordusunun qarşısında tab gətirə bilməyən erməni silahlı birləşmələri yenədə bibabırcasına ağ bayraq qaldıraraq təslim olduqlarının və təklif olunan bütün tələbləri yerinə yetirəcəklərinə razılıq verdilər.

Nəticə etibarı ilə antiterror tədbirləri uğurla nəticələndi. Azərbaycan öz məqsədinə növbəti dəfə nail oldu. Öz ərazilərindəki separatçılığı, eyni zamanda qanunsuz silahlı birləşmələri ləğv etdi. Azərbaycanın 2020-ci ildə erməni faşizmini, 3 il sonra Qarabağdakı terror birləşmələrini məhv etməsi tarixi hadisədir. Bütün bu proseslər arxa-arxaya izlənilir, müşahidə edilir. Ölkə lideri cənab İlham Əliyevin uğurlu siyasi gedişləri nəticəsində biz şanlı günlərə şahidlik edirik.

Fürsətdən istifadə edərək bu qələbəni bizə yaşadan Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənablarına dərin təşəkkürümü bildirirəm. Torpağlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr, qazilərimizə tezliklə şəfa diləyirəm.

QARABAĞ AZƏRBAYCANDIR !

Mirvaleh Muradov,

Silahlı Qüvvələrin ehtiyatda olan polkovnik-leytenantı, YAP fəalı