"Azərbaycan sona qədər öz məqsədlərinə çatmaq üçün çalışacaq"

 17:40 27.09.2023     953

Bu gün Azərbaycanın Vətən müharibəsinə başlamasından 3 il ötür. 

Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Ordusu işğal altındakı torpaqların azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başlayıb. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə davam edən 44 günlük Vətən müharibəsi qələbə ilə başa çatıb. 

Qeyd edək ki, Prezident İlham Əliyev 2 dekabr 2020-ci il tarixdə sentyabrın 27-nin Azərbaycan Respublikasında Anım Günü kimi təsis edilməsi haqqında Sərəncam imzalayıb.

Ehtiyatda olan polkovnik Elşad İsayev Anım Günü ilə bağlı Redaktor.az-a danışdı.

Polkovnik dedi ki, qələbə olan yerdə şəhid də olur: 

"27 sentyabr, düz 3 il bundan əvvəl İkinci Qarabağ müharibəsi başladı və müzəffər Azərbaycan ordusu bir-bir işğalda olan kəndləri, şəhərləri azad etdi. Qələbə olan yerdə, müharibə olan yerdə təbii ki, şəhid olur. Çox təəssüf ki, istər İkinci Qarabağ müharibəsində, istər sonucu antiterror əməliyyatlarında şəhidlərimiz oldu. Təbii ki, müharibədə bu qaçılmazdır, yəni döyüş varsa, silah varsa, silahlar səslənirsə təəssüf ki, şəhidlər olur. Ancaq şəhidlər Vətən uğrunda, torpaq uğrunda döyüşürlər, şəhid olurlar. Ona görə bu bizim qürurlu günümzdür və onları unutmağa bizim haqqımız yoxdur. Onlar daim bizim yaddaşımızda yaşayacaqlar".

Milli Məclisin deputatı Ceyhun Məmmədov da bildirdi ki, bu gün Azərbaycan xalqı fəxr edir ki, biz torpaqlarımızı azad etmişik, biz qalib xalqıq:

"Bəzən biz reallıqları yaşayırıq, bəzi insanlar reallıqları dərk etmirlər və ya dərk edə bilmirlər. Bu, böyük bir qələbədir, son 300 illik tariximizdə ilk dəfə torpaq itirmədik, itirilmiş torpaqlarımızı geri aldıq, erməni faşizmi üzərində qələbə çaldıq. Bu, böyük bir qələbədir, böyük uğurdur. Bir tərəfdən qələbəyə sevinirik, digər tərəfdən isə Vətən övladlarını itirmişik deyə kədələnirik. Amma bu gün artıq Azərbaycan öz qələbəsini təmin edib. Bu gün Azərbaycan xalqı öz möhtəşəmliyini növbəti dəfə göstərir, növbəti dəfə təqdim edir. Hesab edirəm ki, bu, çox böyük bir qələbədir və bu qələbəni qorumaq, gələcək nəsillərə çatdırmaq kimi bizim bir missiyamız var. Bu missiyanı həyata keçirmək üçün də Azərbaycan xalqı əlindən gələn bütün imkanları səfərbər edir və bütün addımları atır. Qeyd etdiyimiz kimi, bu şanlı tarixdir, əzəmətli tarixdir. Bu əzəmətli tarixin qorunması üçün hər birimiz əlimizdən gələni edirik və gələcəkdə də etməliyik. Çox önəmli bir qələbə kimi bizim tariximizə düşübdür və bu tarixi da yaşayırıq, qoruyuruq və gələcək nəsillərə çatdıracağıq".

Millət vəkili vurğuladı ki, bu gün Azərbaycanın ərazisi uğrunda canından keçən hər bir vətəndaşın da ruhu şaddır.

"Bu gün bütün vətəndaşlarımızın hamısı buna sevinirlər və bu gün dünyadan nisgil köçən bizim əcdadlarımızın ruhu da şaddır. Yəni ona görə şaddır ki, biz qələbəmizi təmin etmişik, torpaqlarımızı işğaldan azad etmişik və Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amma bu gün görünən proses odur ki, Ermənistanın bizə qarşı düşmənçiliyi hələ davam edir və Ermənistan təxribatlarını davam etdirir. Bunların qarşısını almaq kimi bizim qarşıda böyük və önəmli bir missiyamız var. Yəni bu missiyanı sona kimi davam etdirməliyik, sona kimi uğurla başa çatdırmalıyıq və bunun üçün də Azərbaycan bütün addımlarını atır. Bir məsələ də var ki, bölgəyə sülhün gəlməsini istəyirik. Amma nəzərə almalıyıq ki, bu gün Ermənistan düşmənçiliyi davam etdirir, eyni addımları atır və bu da düşündürücü bir məsələdir. Amma Azərbaycan sona qədər öz məqsədlərinə çatmaq üçün çalışacaq", - deyə C.Məmmədov bildirdi.

Humay İSGƏNDƏRLİ

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “6.3.5 bəndində nəzərdə tutulmuş” mövzuda dərc olunub.

2