"Fizulinin şəhid xəbərini övladlarımın məktəbində aldım..." - Şəhid zabitin xanımı - FOTOLAR

 15:39 28.09.2023     1317

Azərbaycan Silahlı Qüvvələri tərəfindən 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri nəticəsində 192 hərbçi və 1 mülki şəxs şəhid olub, 511 hərbçi yaralanıb.

Redaktor.az xəbər verir ki, şəhidlərimizdən biri də leytenant Fizuli Bəhruz oğlu Məmmədovdur. O, 1989-cu il aprel ayının 4-də Göygöl rayonunda anadan olub. Samux rayon Qovlar kənd tam orta məktəbini bitirib. Daha sonra Azərbaycan Dövlət Aqrar Universitetində ali təhsil alıb. Təhsilini bitirdikdən sonra Füzuli rayonuna xidmətə yollanıb, snayperçi olaraq xidmət göstərib. 2016-cı ildən isə artıq orduda çalışmağa başlayıb. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qəhrəmancasına vuruşub, Laçında yaralanıb. Müharibədən sonra "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub. Bu il 19-20 sentyabr tarixlərində keçirilən antiterror tədbirləri zamanı isə qəhrəmancasına şəhid olub.

Həyat yoldaşı Günel Məmmədova ilə şəhid zabitimiz haqqında danışdıq.

- Günel xanım, yoldaşınız sonuncu dəfə evdən çıxanda sizlə necə vidalaşdı? Əməliyyatda iştirak edəcəyini bilirdiz?

- Evdən çıxanda dedi ki, təlimə gedirəm. Evdən çıxanda həmişə deyərdi ki, təlimə gedirəm, narahat olmayın. Vəfat xəbərindən 12 gün əvvəl evdən çıxmışdı. Həmişə deyərdi ki, "Vətənin qulluğuna çıxanda artıq Vətən mənim olur, övladlarımız isə sənin olur". Bir sözü də var idi, deyirdi ki, "Allaha əmanət ol ki, balalarımın yanında olasan, onlara yaxşı baxasan".

- Zabitimizin şəhid olması xəbərini necə aldız?

- Təyinatı Qusara verilmişdi, orada fəaliyyət göstərirdi. Biz də övladlarımla orda qalırdıq. Səhər qızlarımı məktəbə aparmışdım, yaralı olması xəbərini başqa hərbçi yoldaşından aldım. Həmin xanım dedi ki, "bəs, yoldaşın yaralıdı". Qardaşımı yığdım, araşdırıldı ki, artıq şəhid olub. Fizulinin şəhid xəbərini övladlarımın məktəbində aldım...

- Fizuli Məmmədov neçə il idi ki, hərbidə xidmət edirdi? 44 günlük Vətən müharibəsində də iştirak edib, o günləri necə xatırlayırsız?

- 2016-cı ildən hərbi qulluqçu kimi çalışırdı. Vətənini, torpağını çox sevirdi. İkinci Qarabağ müharibəsinə də çox böyük ruh yüksəkliyi ilə qatılmışdı. Laçın döyüşləri zamanı şücaətlə vuruşmuşdu, həmin zaman həm də yaralanmışdı. Füzulinin, Kəlbəcərin və Cəbrayılın azad olunması döyüşlərində iştirak edib. Medallarla təltif olunub. 44 günlük müharibədə əlimiz göydə idi, hər dəqiqə Allaha dua edirdik ki, sağ-salamat qayıdıb gəlsin. Müharibədən sonra isə artıq zabit kimi çalışmağa başladı.

- Günel xanım, şəhidimizlə necə tanış olmuşduz?

- Fizuliylə xalaqızı, xalaoğlu olmuşuq. Sevib ailə qurmuşduq, yoldaşım məni qaçırmışdı. İki əkiz qız övladımız var, 8 yaşları var. İkisi də atasını çox sevirdi. Bu gün qızımın biri atasına məktub yazmışdı... Yoldaşımın yar kimi o qədər xatirələri var ki, saymaqla bitməz. O əsl yoldaş, sirdaş idi. Atasına, anasına, bütün ailəsinə qarşı hörmətli, diqqətli idi mənim yoldaşım. İndi deyirəm ki, mərd, igid sözləri bu cür oğulların üzərində qurulan sözlərdir. Heç bir narazılığım yoxdur ki, bu gün onu yadıma salıb deyəm ki, Fizuli məni filan məsələyə görə incidib. Əsl igid, əsl ər oğul idi mənim yoldaşım.

Humay İSGƏNDƏRLİ

222222222222222222222222