İlahi ədalət

 19:20 28.09.2023     262

30 ildən çox davam edən münaqişə, müharibə Azərbaycanın qələbəsi ilə bitdi. Bu illər ərzində xalqımız çox ağrı-acılar çəkdi. 1990-cı illərin əvvəllərində Ermənistan xarici havadarlarının dəstəyi ilə, Azərbaycanda xaos və anarxiyanın mövcudluğundan istifadə edərək torpaqlarımızın 20 faizini işğal etdi, 1 milyon insan isə doğma yurdlarından didərgin düşdü. Bu illər ərzində insanlar misli görünməmiş müsibətlər gördü, xalqımız Xocalı soyqırımını yaşadı. Birinci Qarabağ müharibəsində 20 mindən çox şəhid verdik...

Biz ağrı-acılarla yaşadıqca düşmən bayram etdi, şənləndi. Biz Şuşanın işğalına ağlayarkən, onlar Cıdır düzündə yallı getdilər. Nə qədər insanlarımız torpaq, yurd nisgili ilə bu dünyadan köçdülər...

Nəhayət, gözlədiyimiz günlər gəldi! 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olundu. 10 noyabr razılaşmasına əsasən Rusiya sülhməramlı kontingetinin məsuliyyət zonasında olan ərazilərimizin dinc yolla cəmiyyətimizə inteqrasiyası nəzərdə tutulsa da, Qarabağdakı separatçı rejim 44 günlük müharibədə aldıqlarını zərbələrdən nəticə çıxarmadı. Onlar yenə də hansısa “Artsax Respublikası”ndan dəm vururdular. Hələ sentyabrın 9-da özlərinə yeni “prezident” də seçdilər. Yeni “prezident” də yekə-yekə danışaraq hansısa “müstəqillikdən” dəm vurdu. Amma onun “prezidentliyi” cəmi 10 gün davam etdi.

19-20 sentyabr tarixlərində, cəmi 24 saat ərzində şanlı ordumuz lokal antiterror tədbirləri keçirərək Qarabağdakı separatçı rejimi diz çökdürdü. Bununla da, Azərbaycan dövləti bütün ərazisində suverenliyini təmin etdi.

Bu gün isə - 28 sentyabr 2023-cü ildə növbəti zəfər tarixini yaşadıq! Qondarma “Artsax Respublikası” özünü buraxdığını elan etdi! Bununla da, milli tariximizin daha bir uzunmüddətli qanlı səhifəsi qapandı. Bu tarixi zəfərə Ali Baş Komandan, Prezident İlham Əliyevin yüksək idarəçilik məharəti, polad iradəsi, qətiyyətli siyasəti, cəsur sərkərdəliyi və qəhrəman oğullarımızın Vətən sevgisi sayəsində nail olduq. Biz xalq olaraq bu müqəddəs mübarizədə həmişə bir olduq. Bu müqəddəs mübarizədə, Vətən uğrunda döyüşən oğullarımızın göstərdiyi qəhrəmanlığı biz indiyədək hansısa əsərlərdə oxumuşduq, bədii filmlərdə izləmişdik. Amma Azərbaycan oğulları həqiqətən qəhrəmanlıq dastanı yazdılar, ölümün üzərinə gülə-gülə getdilər...Şəhid olmağı arzulayırdılar. Açığı, mən belə məqamları yalnız filmlərdə izləmişdim, amma 44 günlük müharbədə və 24 saatlıq əməliyyatda real şahidi oldum.

Mən bu qəhrəman oğulların, şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Nə etsək də, onların haqqı ödənməz.. Bir cəmiyyət olaraq məmurundan tutmuş adi vətəndaşadək bu oğullara, şəhidlərimizin ruhuna, onların ailələrinə hər zaman ehtiram bəsləməliyik. Qəhrəman oğullarımızın, qazilərimizin, şəhidlərimizin ailələrinin qayğılarına həssaslıqla yanaşmalıyıq...

Bir məqamı da qeyd etmək istəyirəm. Vaxtilə Qarabağı Azərbaycandan qoparmaq istəyənlərin ideoloqlarından, bu münaqişənin fitilini yandıranlardan Zori Balayan və Aqambekyan hələ də sağdır. Yaxşı ki, hələ onlar yaşayır və ideoloqları olduğu bir “miatsum” layihəsinin 30 ildən sonra tam məğlubiyyətə uğradığının şahidi oldular. Onlar üçün ən böyük cəza Şuşada Azərbaycanın üçrəngli bayrağının dalğalanmasıdır, Xankəndidə o şeytan yuvası olan “Artsax” rejiminin zibil qutusuna atılmasıdır. Azərbaycan əsgəri bu gün Xankəndidə, Xocalıda, Əsgərənda, Ağdərədə, Xocavənddədir. Bu, onlar üçün ən böyük cəzalardan biridir. Buna İlahi ədalət deyilir...

Ermənilər tarixi torpaqlarımıza köçürüləndən sonra, son 200 il ərzində xalqımıza qarşı dəfələrlə qətliamlar, soyqırımlar törədiblər. Nəhayət, tarixi ədalət zəfər qazandı. Arzu edirik ki, xalqımız bir daha belə faciələr görməsin, gələcək nəsillərimiz sülh və əminamanlıq içində yaşasınlar. Müstəqil dövlətimiz daim var olsun, qüdrətli olsun! Bunun üçün isə tarximizin faciəli səhifələri heç zaman unudulmamalıdır!

Nardar BAYRAMLI