Həmkarları Qənirə Paşayevanın vəfatından danışdı: Azərbaycanın işığı azaldı...

 13:48 29.09.2023     1171

Xəbər verdiyimiz kimi, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayeva sentyabrın 28-də müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.

Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Q.Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb.

Millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Qənirə Paşayevanın vəfatından üzülən həmkarları Redaktor.az-a danışdı.

Milli Məclisin deputatı Məlahət İbrahimqızı söylədi ki, Qənirə xanım tək Azərbaycanın deyil, Türk dünyasını sevdiyi xanım idi:

"Türk dünyasının sevdiyi xanım, sevdiyi siyasətçi, sevdiyi bir ədib idi, şairə idi. Allah rəhmət eləsin".

Millət vəkili Vahid Əhmədov dedi ki, 2005-ci ildən bir yerdə çalışıblar:

"Kifayət qədər vətənpərvər, millətini sevən, dövlət üçün, millət üçün çalışan bir millət vəkili olub. Aramıza münasibətlər həmişə yüksək səviyyədə olub. İşlə əlaqəli müzakirələr etmişik, bir-birimizə müraciətlərimiz olub. Aramızdan çox tez getdi, heç 50 yaşı olmamışdı. Bundan sonra onun çalışası vaxtı idi. Allah rəhmət eləsin".

Deputat Sabir Rüstəmxanlı söylədi ki, çox ağır itkidir:

"Mənə çox yaxın adam idi, aramızda böyük sayğı olub. Bir işıq parçası idi, Azərbaycanın işığı azaldı. Xanım idi, amma dünyanı gəzdi, hər yer haqqında yazdı. Milli Məclisdə sayğı göstərdiyim, sözünə hörmətlə yanaşdığım insanlardan idi. Ailəvi yaxın idik. Ailəsinə və bütün sevənlərinə başsağlığı verirəm. Allah rəhmət eləsin".

Humay İSGƏNDƏRLİ