"Cəbrayıl bölgənin ən abad, ən gözəl rayonlarından birinə çevriləcək" - Rayonun deputatı

 16:32 29.09.2023     825

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev ötən gün Cəbrayıl rayonuna səfər edib. Dövlət başçısı Cəbrayıl şəhərində inzibati binanın təməlini qoyub və şəhərdə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilən ilk yaşayış məhəlləsi – Cəbrayıl Yaşayış Kompleksində aparılan tikinti işləri ilə tanış olub. İlham Əliyev həmçinin “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını edib.

Prezidentin Cəbrayıla səfəri ilə bağlı Milli Məclisin Cəbrayıldan olan deputatı Ceyhun Məmmədov Redaktor.az-a danışdı.

Onun sözlərinə görə, digər səfərlər kimi prezidentin bu səfəri də xüsusi əhəmiyyət daşıdı.

"Biz növbəti dəfə cənab prezidentin bir sıra müəssisələrin təməlqoyma mərasimində iştirak etdiyini və açılışında iştirak etdiyini gördük. Artıq Cəbrayılın elektrik enerjisi ən yüksək səviyyədə təmin olunub. Bu gün artıq Cəbrayılda yaşayış binaları tikilir, inzibati bina inşa olunur və məktəb yekunlaşmaq üzrədir. Deyə bilərik ki, cənab prezidentin rəhbərliyi ilə digər işğaldan azad olunmuş rayonlarımız kimi Cəbrayılda da böyük abadlıq, quruculuq işləri həyata keçirilir. Artıq Cəbrayıl da özünün dirçəliş dövrünü yaşayır. Əvvəlki dövrdə də cənab prezident bir neçə dəfə Cəbrayılda olmuşdu, yeni müəssisələrin təməlini qoymuşdu. Artıq deyə bilərik ki, Cəbrayılda bütün işlər ən sürətli formada həyata keçirilir. Artıq Şükürbəyli kəndində və digər kəndlərimizdə də böyük abadlıq və quruculuq işlərinin görüldüyünün, həyata keçirildiyinin şahidiyik. Artıq Cəbrayıl da abad, gözəl və firavan bir bölgəyə bir çevrilibdir. Ümumilikdə, xəstəxanada da işlər görülür. Xəstəxana ilə yanaşı məktəbin inşası artıq yekunlaşmaq üzrədir. Yəni qısa formada desək, bütün işlər planlaşdırılmış qaydada həyata keçirilir və məsələnin diqqət çəkən tərəfi də odur ki, cənab prezident özü birbaşa quruculuq və abadlıq işlərinə nəzarət edir, bu prosesə öz töhfəsini verir. Bu, onu söyləməyə əsas verir ki, bölgələrimizdə quruculuq sürətlə və ən yüksək formada təşkil olunur, qurulur. Tezliklə Cəbrayıl bölgənin ən abad, ən gözəl rayonlarından birinə çevriləcək. Eləcə də Zəngilan, Qubadlı və digər rayonlar da", - deyə deputat qeyd etdi.

Humay İSGƏNDƏRLİ