"Azərbaycanın dövlətçilik əsaslarının altına yerləşdirilmiş 100 illik mina darmadağın edildi"

 17:16 29.09.2023     566

"10 noyabr 2020-ci ildən sonra əldə etdiyimiz tarixi Zəfər sülhü hər nə qədər yaxınlaşdırdısa, Azərbaycanın öz ərazilərində suveren hüquqlarını bərpa etməsi üçün üç il vaxt lazım idi". 

Bunu Qarabağda suverenliyimizin bərpası və separatçı rejimin özünü buraxmasında Prezident İlham Əliyevin apardığı siyasət, qətiyyətli mövqeyi barədə Redaktor.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu söylədi.

O, bildirdi ki, son üç ildə əldə etdiyimiz tarixi nailiyyətlərin dinamikasına və ardıcıllığına baxsaq önümüzə üç tarix çıxacaq:

"Bunlardan biri 10 noyabr 2020-ci il erməni işğalından torpaqlarımızı azad etmək, ikincisi, 23 aprel 2023-cü ildə Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək, Laçın yoluna nəzarət-buraxılış məntəqəsini quraşdırmaq və nəhayət, 20 sentyabr 2023-cü ildə keçirdiyimiz sonuncu antiterror tədbirləri ilə Azərbaycanın suveren hüquqlarını bərpa etmək. Şübhəsiz ki, bu üç il özlüyündə 100 illik tarixi ehtiva edir, çünki 1903-cü ildə yaradılmış Qarabağ probleminin həlli, bax, bu üç tarixi hadisə ilə başa çatmış oldu və birdəfəlik Azərbaycan öz suveren hüquqlarını bütün ərazisində bərpa etdi. Bu, Azərbaycan dövlət başçısının qətiyyəti, həyata keçirdiyi dərin hərbi strategiya və siyasi diplomatiya ilə mümkün oldu. Bu üç komponentin hər hansı birinin əksik olması qələbəmizin natamam olmasına gətirib çıxara bilərdi ki, Müzəffər Ali Baş Komandanımız bunu etməyi bacardı və bununla da Azərbaycan dövlətinin dövlətçilik əsaslarının altına yerləşdirilmiş 100 illik mina nəticə etibarı ilə darmadağın edildi. Azərbaycan sözün əsl mənasında öz müstəqilliyini əldə etmiş oldu".

Humay İSGƏNDƏRLİ