Korrupsiyanın sosial-iqtisadi, mənəvi-psixoloji zərərləri

 18:17 29.09.2023     244

Azərbaycanın sosial-iqtisadi inkişafı, Avropaya inteqrasiyası dünyanın inkişaf etmiş ölkələri sırasına qoşulması dövlətimizin qarşısında duran məsələlərdən biridir. Bu məqsədə çatmaq üçün ölkə başçısının təşəbbüsü və rəhbərliyi ilə respublikamızda ictimai həyatın bütün sahələrində, o cümlədən cəmiyyətimizin inkişafına mane olan bütün bürokratik əngəllərin aradan qaldırılması sahəsində son illərdə mühüm tədbirlər həyata keçirilir.

Ölkəmizin inkişaf mərhələsi korrupsiyaya qarşı mübarizə sahəsində görülməli olan sistem xarakterli tədbirlərin effektivliyini və davamlılığını təmin etmək üçün Korrupsiyaya qarşı mübarizəyə dair yeni bir sənədin qəbul edilməsi zərurətə çevrildiyindən Prezident İlham Əliyev 2022-ci il 4 aprel tarixli sərəncamı ilə Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı təsdiq etmişdir. Milli Fəaliyyət Planının hazırlanmasında beynəlxalq təşkilatların, o cümlədən BMT, AŞ, DB, BVF, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının təklif və rəylərindən, habelə korrupsiyaya qarşı mübarizə sahəsində müəyyən nailiyyətlər əldə etmiş bir çox dövlətlərin təcrübəsindən istifadə olunmuşdur. 2022-2026-cı illəri əhatə edən bu çoxşaxəli Milli Fəaliyyət Planı fərqli fəaliyyət istiqamətləri olan müxtəlif qurumların korrupsiyaya qarşı mübarizə səylərini birləşdirməyə xidmət edir, eləcə də korrupsiyaya qarşı mübarizənin bütün dövlət strukturları və vətəndaş cəmiyyəti institutları ilə birgə sistemli və əlaqəli şəkildə gerçəkləşdirilməsinə imkan yaradır. Prezident sərəncamına görə, Milli Fəaliyyət Planında qarşıya qoyulan əsas məqsəd korrupsiyaya qarşı mübarizənin normativ hüquqi və təşkilati əsaslarının təkmilləşdirilməsi, bu sahədə ümumdövlət siyasətinin həyata keçirilməsinin təmin edilməsidir.

Ümumi inkişafa və təhlükəsizliyə mənfi təsir göstərən korrupsiya qanunun aliliyinə və sosial ədalətə ciddi təhlükə yaradır, iqtisadi və sosial inkişafı ləngidir, əlverişli biznes mühitinin yaranmasına mane olur.

Korrupsiya tarix boyu cəmiyyətlərin üzləşdiyi problemlərdən olmuşdur və bu gün də bütün dünya ölkələrində aktual problemlərdən biri olaraq qalmaqdadır.

Korrupsiyaya qarşı mübarizənin davamlı olması, korrupsiyanın qarşısının alınması ilə bağlı müasir çağırışlara uyğun effektiv mexanizmlərin tətbiq edilməsi xüsusi əhəmiyyət kəsb edir. Buna görə də həm beynəlxalq, həm də milli səviyyədə korrupsiyaya qarşı mübarizədə yeni təşəbbüslərin irəli sürülməsi zəruridir və bu sahədə icra edilən tədbirlər korrupsiyaya şərait yaradan halların və korrupsiya hüquqpozmalarının səbəblərinin, növlərinin və nəticələrinin qarşısının alınmasına yönəldilməlidir.

Azərbaycanın korrupsiyaya qarşı mübarizə təcrübəsi sistemli, kompleks və innovativ xarakteri ilə seçilir. Bu sahədə görülən tədbirlər çərçivəsində korrupsiyaya qarşı mübarizəyə dair milli strategiya və fəaliyyət planları qəbul edilmiş, yeni baxışlar və vəzifələr müəyyən edilmişdir. Hazırda ölkəmizdə sosial dövlətin yeni modeli formalaşmışdır və dövlət siyasətinin əsas məqsədi insanların yüksək sosial rifahına nail olmaqdır.

Ölkəmizdə son illərdə əsas strateji hədəflərə çatmaq üçün beynəlxalq miqyasda və ölkə daxilində görülmüş məqsədyönlü, düşünülmüş tədbirlər nəticəsində istər sosial-iqtisadi inkişaf, istərsə də hüquqi-institusional zəmin baxımından əhəmiyyətli irəliləyişə nail olunmuşdur.

Eyni zamanda, Vətən müharibəsi nəticəsində işğal altında olan ərazilərin azad edilməsi ilə ölkəmiz üçün yeni inkişaf mərhələsi açılmışdır. Xarici və yerli investorların həmin ərazilərdə infrastruktur layihələrinin icrasına cəlb edilməsi, bu torpaqlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi kimi dövlətin yeni strateji prioritetləri bölgənin gələcək inkişafının carçısıdır. Korrupsiyadan azad mühit və şəffaflıq kimi komponentlər isə məhz bu inkişafın başlıca amilləridir.

Milli Fəaliyyət Planında əks etdirilmiş kompleks tədbirlərin icrası ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən məqsədyönlü və qətiyyətli fəaliyyətin tərkib hissəsi kimi, şəffaflığın artırılmasına, dövlət orqanları (qurumları) tərəfindən göstərilən xidmətlərin keyfiyyət etibarilə yaxşılaşdırılmasına, ictimai nəzarətin təşkilində və korrupsiyanın ifşa edilməsində vətəndaş cəmiyyəti institutlarının rolunun artırılmasına xidmət edir.

Dövlət sektorunda idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, yerli özünüidarəetmədə aşkarlığın və ictimai iştirakçılığın təmin edilməsi, özəl sektorda beynəlxalq standartlar əsasında antikorrupsiya standartlarının formalaşdırılması, müvafiq istiqamətlərdə qanunverici bazanın mütərəqqi beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi korrupsiyaya qarşı mübarizə sahəsində qarşıya qoyulmuş əsas prioritet istiqamətlər və məqsədlərdir.

Son vaxtlar korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparılması, sahibkarlığın inkişafına mane olan bürokratik əngəllərin aradan qaldırılması istiqamətində xeyli işlər görülmüş və bu sahədə dövlət rəhbərliyi tərəfindən bir çox tədbirlər həyata keçirilməkdədir.

Korrupsiyanı nəzəri cəhətdən şərh etmək üçün onun sosial-fəlsəfi mahiyyətinə diqqət yetirmək lazımdır. Klassik formada korrupsiya “xidməti mövqedən şəxsi mənfəət əldə etmək üçün sui-istifadə” aktı kimi müəyyənləşdirilmişdir

Hər hansı bir cəmiyyətdə korrupsiya əsasən totalitarizm, avtoritarizm və diktatura rejimində daha geniş yayılır. Totalitar rejimlərdə korrupsiyanın genişlənməsi sosial-iqtisadi inkişafın zəifləməsinə, cəmiyyətdə insan hüquqlarının pozulmasına və mənəvi-psixoloji gərginliyin artmasına şərait yaradır.

Faktlar göstərir ki, korrupsiya bir çox ölkələrdə mövcuddur. Lakin korrupsiyanın çiçəklənməsi əsasən yoxsul ölkələrdə və keçid dövrünü yaşayan demokratiya və plüralizmin inkişaf etmədiyi ölkələrdə daha çox təzahür edir. Belə ölkələrdə məmurların rüşvətxorluğu dövlət strukturlarından başlayaraq əhalinin ən kasıb təbəqələrinin talan edilməsinə qədər genişlənir. Korrupsiyanın genişlənməsi bəzi ölkələrdə müəyyən tarixi məqamlarda yerli xalq üsyanları və dövlət çevrilişləri üçün zəmin yaradır. Korrupsiya qlobal xarakter daşıdığı kimi, ona qarşı mübarizə də adekvat olur. Mütəxəssislər korrupsiya ilə qlobal mübarizənin həlledici vasitəsi kimi bütün ölkələrdə demokratik proseslərin genişləndirilməsi və azad mətbuatın rolunun gücləndirilməsini irəli sürürlər.

Korrupsiyanın fəlsəfi mahiyyəti ondan ibarətdir ki, dövlət qulluqçuları (hakimiyyət strukturunda olan məmurlar, firma və şirkət sahibləri, siyasətçilər və s.) qanun və mənəviyyat normalarına zidd olaraq verilmiş səlahiyyətlərdən sui-istifadə edərək yaxın adamlarının varlanmasına şərait yaradırlar. Bunun sosial-iqtisadi və mənəvi-psixoloji fəsadları isə özünü aşağıdakı şəkildə büruzə verir: Birincisi, korrupsiya cəmiyyətin sosial-iqtisadi vəziyyətinə mənfi təsir edir, iqtisadi inkişafı zəiflədir və əhalinin maddi rifahının pisləşməsinə səbəb olur. Digər tərəfdən, cəmiyyətdə korrupsiyaya qurşanmış bir qrup insanın həddən çox varlanması cəmiyyətin orta və yoxsul təbəqələrinin mənəvi-psixoloji vəziyyətinə mənfi təsir edərək inkişafa mane olan amillərdən birinə çevrilir.

Korrupsiya prosesində qeyri-qanuni yolla əldə edilmiş pullar əsasən ya şəxsi ehtiyaclara sərf edilir, ya da xarici banklara ötürülərək milli iqtisadiyyatdan çıxarılır.

Korrupsiyanın sosiuma vurduğu ümumi sosial-iqtisadi və mənəvi-psixoloji zərər aşağıdakılarla xarakterizə olunur:

Korrupsiya dövlətin qarşısında duran sosial-iqtisadi, mədəni vəzifələrin həyata keçirilməsinə mane olan ciddi sosial bəladır.

Korrupsiya ölkədə sərmayə mühitini pozur, daxili və xarici investorların uzunmüddətli sərmayələr qoymasına mane olur və nəticədə özəl biznesin qeyri-müəyyən şəraitdə tez qazanc əldə etməkdən başqa çıxış yolu qalmır.

Korrupsiya icra aparatının bahalaşmasına gətirib çıxarır.

Korrupsiya əmək məhsuldarlığını kəskin şəkildə aşağı salır.

Yüksək hakimiyyət səviyyələrində korrupsiya aşkarlandıqda, xalqın konstitusiya orqanlarına etimadı azalır və nəticədə onların legitimliyi şübhə altına düşür.

İdarəçilik sistemində işin keyfiyəti aşağı düşür, çünki, vəzifəyə rüşvətlə təyin olunan məmur öz şəxsi mənafeyini dövlət mənafeyindən üstün tutur.

Korrupsiya ümumdövlət davranış etikası prinsiplərini pozur və hər bir məmur “nə üçün təkcə mən əxlaq və mənəviyyat normalarına əməl etməliyəm?” - deyə düşünür. Bütün bunlar isə idarəetmə sisteminə dağıdıcı təsir göstərir.

Korrupsiya insan mənəviyyatını pozur, insanlarda psixoloji gərginlik yaradır, sosial ədalət prinsiplərinə inamsızlıq yaradır, davamlı inkişafa əngəl törədir.

Təcrübə göstərir ki, cəmiyytədə korrupsiyaya ən çox məruz qalan fəaliyyət sahələri aşağıdakılardır:

dövlət tədarük sisteminin müəssisələri;

əmlak və torpaq sahələrinin əməliyyat prosesi (alqı - satqı və bölgü prosesi);

vergilərin yığılması prosesi;

gömrük orqanlarının fəaliyyəti;

hakimiyyət orqanlarında məsul vəzifələrə təyin edilmə prosesi.

Ekspertlər korrupsiyanın meydana gəlməsi səbəblərini müxtəlif cür şərh edirlər. Bəziləri korrupsiyanı hər hansı bir ölkədə insanların yoxsul vəziyyətdə yaşaması, yaxud dövlət məmurlarının əmək haqqının aşağı olması ilə izah edirlər. Təəssüf ki, dövlət məmurunun maaşının yüksək olduğu inkişaf etmiş ölkələrdə də korrupsiya mövcuddur. Son vaxtlar korrupsiyanı inkişaf etməkdə olan ölkələrdə mədəniyyətin bir hissəsi hesab edilməsi fikri də geniş yayılmışdır. Necə əsaslandırılmasından asılı olmayaraq korrupsiya cəmiyyət və dövlət üçün ciddi bir təhlükədir və onun qarşısı kəskin şəkildə alınmalıdır.

Məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Uğur” Gənclərin Maarifləndirilməsi İB-nin icra etdiyi “Korrupsiyaya qarşı mübarizə: Azərbaycan reallıqları və beynəlxalq təcrübənin öyrənilməsi, tədbirlərin təşkili məqalələrin hazırlanması və mediada yayılması” layihəsi çərçivəsində hazırlanmışdır.

Məqalənin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.