"Qarabağdakı vətəndaşlara biz əvvəldən demişdik ki..." - Ceyhun Məmmədov

 12:30 02.10.2023     453

Xəbər verdiyimiz kimi, Azərbaycanın bir sıra dövlət qurumları Qarabağ iqtisadi rayonunda fəaliyyətə başlayıblar.

Belə ki, Dövlət Miqrasiya Xidmətinin əməkdaşları Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ilkin qeydiyyatına dair müraciətlərinin yerində qəbul edilməsi və bununla əlaqədar maarifləndirmə tədbirlərinin yerində təşkili, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları isə sakinlərin sosial-humanitar ehtiyaclarının müəyyənləşdirilməsi ilə bağlı fəaliyyət göstərirlər.

Eyni zamanda Xankəndi şəhərində tibbi işin təşkili ilə bağlı tədbirlər görülür. Artıq poliklinikanın işi təşkil edilib.

Azərbaycan qurumlarının Qarabağda fəaliyyəti ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirdi ki, qurumlarımızın Qarabağda fəaliyyəti normaldır:

"Biz əvvəldən bu prosesə hazır idik. Hər bir dövlət qurumuna bununla bağlı tapşırıq verilmişdi və artıq dövlət qurumları bu prosesə, bu işlərə başlayıblar. Oradakı vətəndaşlara biz əvvəldən demişdik ki, bizim vətəndaşlarımızdırlar və biz onlara gərəkən qayğını göstərəcəyik, bu, normal bir şeydir, bu proses getməlidir. Əvvəlcədən bizim vətəndaşlarımız olan ermənilər var ki, onlarla bağlı addımlar atılır. Bu gün biz heç bir yanlış addım atmadığımız vaxtda bizi çox günahlandıranlar var. Ona görə bu məsələlərə normal yanaşmalıyıq. Oradakı insanlarla bağlı dövlətimiz öz addımlarını atır".

Humay İSGƏNDƏRLİ