BAMF-da “Gözəgörünməz düşmən” sənədli filminin təqdimatı keçirildi

 15:52 29.09.2023     114

Bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunun baş ofisində Azərbaycan Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA) ictimai birliyi Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Gözəgörünməz düşmən” sənədli filmin təqdimat mərasimi keçirilib.

Redaktor.az xəbər verir ki, tədbirdə BAMF prezidenti Umud Mirzəyev, qazi, jurnalist Rey Kərimoğlu, Azərbaycanın tanınmış hərbi diktoru Şəmistan Əlizamanlı, jurnalist, yazıçı İlqar Rəsul, Tanınmış jurnalist, Qarabağ qazisi İlham Tumas, Qarabağ döyüşündə iştirak edən veteranlar, qazilər, minadan zərər çəkən şəxslər və media nümayəndələri iştirak ediblər.

 Tədbirin moderatorluğunu aparan, eyni zamanda “Gözəgörünməz düşmən” sənədli filminin ideya müəllifi Rey Kərimoğlu aparıb. Onun sözlərinə görə 2 ay davam edən layihə zamanı əvvəlcədən müəyyənləşdirlimiş minadan zərərçəkənlər, bu sahədə tanınmış ekspertlərin iştirakı ilə “Gözəgörünməz düşmən” sənədli filmi çəkilib.

R.Kərimoğlu layihənin məqsədlərindən danışarkən deyib: 

“Mina bəşəri qlobal problemlərdən biri olub Qarabağa qayıdışla bağlı planları ləngidir. Hansı ki, bu istiqamətdə də Azərbaycan dövləti, ANAMA, Azərbaycan Minadan Zərərçəkənlərin Assosiasiyası və müxtəlif dövlət qürumları tərəfindən, o cümlədən  aidiyyəti üzrə QHT-lər tərəfindən çağırışlar edilmiş, bəyanatlar səsləndirilmişdir. Hazırki dövrdə indiyə qədər olan fəaliyyətlərə baxmayaraq bu problemin işıqlandırılmasına ehtiyac vardır. Bununla dünyada ən çox minadan çirklənən ərazilərdən biri Azərbaycanın Qarabağ iqtisadi zonası olmasına ekspertlerin dili ilə ictimaiyyəti diqqətini cəlb etmək istəyirik. Bu səbəbdən də belə bir filmin çəklişini təklif etdik. Çox sağ olsun Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi. Layihə təklifimizə müsbət yanaşdı.”

Tədbirdə Umud Mirzəyev mina ilə bağlı fikirlərini bölüşüb:

“Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra ikinci böyük faciəni yaşayır. Mina problemi bəşəri problemdir, insanlığın problemidir. Beynəlxalq təşkilatları, supergücləri, insan hüquq təşkilatlatlarını bu məsələyə biganə qalmamağa çağırırıq. Beynəlxalq təşkilatlar Azərbaycanın mina probleminə ciddi yanaşmalıdırlar”, - deyə Umud Mirzəyev diqqətə çatdırıb.

Şəmistan Əlizamanlı “Gözəgörünməz düşmən” sənədli filmi ilə bağlı fikirlərini bildirib. Filmin mina ilə bağlı maarifləndirici olduğunu qeyd edib. 

Tədbirdə İlqar Rəsul, İlham Tumas da filmlə bağlı müsbət düşüncələrini vuğulayıblar. 

Digər qonaqlar da sənədli filmlə, mina ilə bağlı fikirlərini deyiblər.