"Qərbi azərbaycanlıların Xankəndiyə yerləşdirilməsi könüllü şəkildə olmalıdır" - Etibar Məmmədov

 17:24 02.10.2023     795

Bu gün Milli Məclisdə Ermənistandan qovulan soydaşlarımızın Xankəndiyə köçürülməsi ilə bağlı təklif irəli sürülüb. 

Belə ki, Milli Məclisin hüquq siyasəti və dövlət qurucluğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında çıxışı zamanı deyib ki, bugünkü Ermənistan ərazisindən qovulmuş soydaşlarımızı Xankəndi və digər yaşayış məntəqələrinə köçürməliyik.

“Bugünkü Ermənistan ərazisindən acımasızcasına, işgəncələrə məruz qoyularaq, təhqir olunaraq qovulmuş soydaşlarımızı Qarabağı tərk etmiş, Azərbaycan vətəndaşlığını qəbul etməyən separatçıların yaşadığı Xankəndi və digər yaşayış məntəqələrinə köçürməliyik. Həm də bunu bacardıqca tez etməliyik. Bir milyon azərbaycanlı qaçqını ermənilərin dağıtdığı şəhər və kəndlərimizi görməyən ermənipərəst dairələrə isə üzümü tutub deyirəm ki, bir gün bu ədalətsizliyinizə görə sizlər də bu gün müdafiə etdiyiniz separatçılar kimi Allahın lənəti ilə üzləşib qəzəbinə gələcəksiniz”,- deyə o bildirib.

Bəs, Qərbi azərbaycanlılar bu təklifi necə qiymətləndirir?

Mövzu ilə bağlı Azərbaycan Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov Redaktor.az-a danışdı.

O, bildirdi ki, köçürmə məcburi olur, yəni könüllü olmur.

"Bizim Qərbi Azərbaycandan olan və Şərqi Azərbaycanda istənilən vətəndaşımız Azərbaycan ərazisi olan Xankəndidə gedib istədikləri vaxtı məskunlaşa bilərlər, yerləşə bilərlər və hökumət də buna şərait yaradır. Ancaq kimisə, qərarla məcburi şəkildə harasa köçürmək olmaz. Bu, 1988-1989-cu illərdə Qərbi Azərbaycan əhalisi zorla köçürüləndə baş verə bilərdi. Yəni onların yaşayış yeri olmayanda, öz mülkiyyəti əllərindən alınanda, o şəkildə yerləşdirilə bilərdilər. Ancaq bu gün bu baş verəcəksə, könüllü şəkildə olmalıdır. Könüllü şəkildə kim getmək istəsə də, hökumət olaraq şərait yaratmalıdır".

Humay İSGƏNDƏRLİ