"Bu cür fikirlər yersizdir" - Hikmət Babaoğludan həmkarının təklifinə ETİRAZ

 17:46 02.10.2023     456

"Qərbi Azərbaycanlıların qayıdış konsepsiyasında Qərbi azərbaycanlıların öz ata-baba torpaqlarına - yəni yalnız və yalnız Qərbi Azərbaycana qayıtması nəzərdə tutulub".

Bu fikirləri bu gün Milli Məclisdə Ermənistan ərazisindən qovulmuş soydaşlarımızı Xankəndi və digər yaşayış məntəqələrinə köçürməlisi təklifi ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin Qərbi Azərbaycandan olan deputatı Hikmət Babaoğlu söylədi.

Deputat söylədi ki, Qərbi azərbaycanlılar da öz torpaqlarına qayıtmaq istəyirlər.

"Ona görə də müxtəlif fikirlər səsləndirilə bilər. Bu, hər kəsin öz işidir. Ancaq qayıdış konsepsiyasında əgər bu gün Qərbi Azərbaycana qayıtmaqla bağlı məsələlər Ermənistan və Azərbaycan arasındakı mümkün sülh çərçivəsində də müzakirə olunursa, bu cür fikirlər düşünürəm ki, yersizdir. Azərbaycanın Qarabağdan məcburi çıxarılmış, soyqırımlara məruz qalmış vətəndaşları elə Qarabağımıza, Qərbi Azərbaycanda soyqırıma məruz qalaraq etnik təmizləmə siyasətinin qurbanına çevrilən soydaşlarımız elə Qərbi Azərbaycana qayıdacaqlar".

Qeyd edək ki, bu gün Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında çıxışı zamanı bugünkü Ermənistan ərazisindən qovulmuş soydaşlarımızı Xankəndi və digər yaşayış məntəqələrinə köçürülməsini təklif edib.

“Bugünkü Ermənistan ərazisindən acımasızcasına, işgəncələrə məruz qoyularaq, təhqir olunaraq qovulmuş soydaşlarımızı Qarabağı tərk etmiş, Azərbaycan vətəndaşlığını qəbul etməyən separatçıların yaşadığı Xankəndi və digər yaşayış məntəqələrinə köçürməliyik. Həm də bunu bacardıqca tez etməliyik. Bir milyon azərbaycanlı qaçqını ermənilərin dağıtdığı şəhər və kəndlərimizi görməyən ermənipərəst dairələrə isə üzümü tutub deyirəm ki, bir gün bu ədalətsizliyinizə görə sizlər də bu gün müdafiə etdiyiniz separatçılar kimi Allahın lənəti ilə üzləşib qəzəbinə gələcəksiniz”,- deyə o bildirib.

Humay İSGƏNDƏRLİ