"Təqvimizdə 20 sentyabr üçün də xüsusi yer olacaq" - AÇIQLAMA

 17:38 03.10.2023     805

"20 sentyabrı biz mütləq əlamətdar gün olaraq hər il qeyd etməliyik".

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev həmkarı Zahid Orucun 20 sentyabr tarixinin “Bütövlük Günü” kimi qeyd olunması barədə təklifinə münasibət bildirərkən dedi.

O, qeyd etdi ki, ümumiyyətlə 8 noyabr 2020-ci il Zəfər Günümüzü unutmamalıyıq.

"27 sentyabr anım günümüzdür. Hansı ki, bu 44 günlük Vətən müharibəsinin gedişində bizim təqvimizə daxil oldu. Daha sonra biz 23 apreli mütləq unutmamalıyıq. Laçın keçid məntəqəsi quraşdırıldıqdan sonra Azərbaycan demək olar ki, öz ərazilərində artıq bütün prosesləri nəzarətə götürdü və məhz separatçıların fəaliyyəti, ora silah-sursat daşınması məsələlərini müəyyən dərəcədə ləngitdi. Yekun olaraq da biz sentyabr ayının 20-də separatçıların ağ bayraq qaldırmasını, təslim olmasını və Azərbaycanın digər əraziləri - Xankəndi, Əsgəran, Xocalı və bir çox orada kəndlər var ki, bu ərazilərin də tam olaraq Silahlı Qüvvələrinin nəzarətinə keçdinin şahidi olduq. Ordumuz bir gündən az, yəni 23 saat ərzində lokal anti-terror tədbirləri keçirdi və faktiki olaraq həmin qanunsuz erməni hərbi birləşmələrini dizüstə qoydu və onları təslim olmağa məcbur etdi",- deyə qeyd edən deputat qeyd etdi ki, bununla da Azərbaycanın suverenliyi tam olaraq bərpa edildi:

"Bu günləri artıq oradakı erməni sakinləri Azərbaycan vətəndaşlığına müraciət edirlər. Bəziləri isə çıxıb Ermənistana gedirlər, yəni onların öz qərarlarıdır, gələcəkdə bəlkə də qayıdıb yenidən burada yaşamaq istədiklərini bildirəcəklər. Təbii ki, kimin burada yaşamaq haqqı var, onlar bu hüquqdan istifadə edə biləcək. 20 sentyabr da mən düşünürəm ki, məhz 44 günlük Vətən müharibəsinin məntiqi nəticəsi kimi dəyərləndirilməlidir. Bu baxımdan 20 sentyabrı da biz mütləq əlamətdar gün olaraq hər il qeyd etməliyik. Çünki bu, bizim suverenliyimizin tam bərpa olunduğu bir ildir. Hətta xatırlayırsınızsa, Qarabağla bağlı problemlər, XX əsrin əvvəllərində var idi. Cümhuriyyət dövründə, Sovet dövründə də var idi. Biz bu problemi həll edə bilmədik. O vaxtkı Rus çarizmi, daha sonra Sovetlər dövründə də ermənilərə dəstək məqsədilə burada hətta muxtar vilayət yaradılmasına belə nail olmuşdular. Ondan öncə XIX əsrdə bura çoxlu sayda erməni ailələri İrandan və Türkiyədən köçürülmüşdür. Bu, məqsədyönlü siyasət idi. Yəni bütün bu məkrli planların tam olaraq ərazilərdən çıxarılması məhz 20 sentyabrda baş tutdu. Bu baxımdan da mən Zahid müəllimin təklifini müsbət dəyərləndirirəm və inanıram ki, təqvimizdə 20 sentyabr üçün də xüsusi yer olacaqdır. Bu günü də biz və bizdən sonrakı nəsillər həmişə fəxarətlə qeyd edəcəklər. Və mən düşünürəm ki, zəfər günləri, qələbə günləri yaradan bir xalq həmişə xoş günlərə, şad günlərə layiqdir və inşallah bu gündən sonra artıq biz ancaq bu cür xoş xəbərlər eşidəcəyik. Təqvimizə qələbə günləri, zəfər günləri daxil olacaqdır".

Həmidə İBRAHİMLİ