Sərsəng su anbarında vəziyyət necədir? - AÇIQLAMA

 17:21 05.10.2023     579

Ordumuzun uğurlu anti-terror əməliyyatından sonra Sərsəng su anbarı da nəzarətimizə keçib. Lakin 30 il işğal altında olduğu üçün su anbarı qəzalı vəziyyətə düşüb.

Bəs, Sərsəng su anbarı nə vaxt təmir edilərək istifadəyə veriləcək?

Məsələ ilə bağlı Redaktor.az-a danışan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin baş məsləhətçisi Sarvan Ağayev öncə qeyd etdi ki, Sərsəng su anbarı 1976-cı ildə Tərtər çayı üzərində tikilib.

Oun sözlərinə görə, su anbarı Tərtər, Bərdə, Goranboy, Ağdam, Ağcabədi rayonlarının ümumilikdə 96 min 214 hektar əkin sahəsinin suvarma suyu ilə təmin etmək üçün tikilib.

"Suqovuşan su anbarından 20 km yuxarıdadır, yəni Suqovuşan su anbarı ilə Sərsəng su anbarı arasında 20 km məsafə var. Hər ikisi Tərtər çayı üzərindədir. Hər birinin üzərində su elektrik stansiyası var. Ordan da elektrik enerjisi istehsal olunur. Bildiyiniz kimi, 30 il ərzində orada bərpa təmir işləri aparılmayıb. Ona görə də qurğular tam saz vəziyyətdə deyil. Amma hal-hazırda bizim Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin işçiləri artıq bir neçə gündür ki, Sərsəng su anbarındadırlar, tam bizim nəzarətimizdədir. Əməkdaşlarımız orada fəaliyyət göstərirlər və həmin mütəxəssislər qurğuların hamısına, bəndə baxış keçirirlər, qiymətləndirmə işləri aparırlar. Qiymətləndirmə işləri qurtarandan sonra yəqin ki, təmir işlərinə başlanılacaq", - deyə S.Ağayev bildirdi.

Həmidə İBRAHİMLİ