İsrail mətbuatı Azərbaycanın antiterror əməliyyatlarını dəstəkləyir
İsrail mətbuatı ölkəsini Azərbaycanın Qarabağdakı antiterror fəaliyyətini dəstəkləməyə çağırıb.
Redaktor.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat paylaşıb.
“Son günlər Azərbaycan BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əsasən onun tərkib hissəsi kimi tanınan Qarabağın bütöv ərazisində öz suveren hakimiyyətini təmin etməsi səbəbindən bütün Qərb dünyasında hücuma məruz qalıb. Azərbaycan məlum antiterror əməliyyatına məhz bu yaxınlarda ərazisində altı vətəndaşın mina partlaması nəticəsində həlak olmasından sonra başlasa da, sözügedən vəziyyət dəyişməz olaraq qalır”.
Tanınmış israilli siyasi şərhçi və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avraham bu barədə ölkəsinin populyar “Israel Hayom” qəzetində dərc olunmuş “Niyə israillilər Azərbaycanın Qarabağdakı addımlarını dəstəkləməlidirlər” sərlövhəli məqaləsində yazıb.
Azərbaycanın bu gün bütün Qarabağı qaytarması ilə İsrailin 1967-ci ildə İudeya və Samariyanı qaytarması arasında çoxlu paralellər görən müəllif diqqətə çatdırıb ki, hər iki halda rəqibləri onlara qarşı təcavüzə başladıqdan sonra Azərbaycan və İsrail beynəlxalq hüquqa uyğun olaraq onlara məxsus olan torpaqları geri alıb. Qeyd olunub ki, hər iki halda bir çox yerli sakinin öz istəkləri ilə adıçəkilən əraziləri tərk etməsinə baxmayaraq, böyük əksəriyyət bu iki ölkəni etnik təmizləmə aparmaqda ifadə olunan saxta ittihamla suçlayıb.
İsrail və Azərbaycanın bir sıra tanınmış ictimai və siyasi şəxslərinin fikirlərinin yer aldığı məqalədə bildirilb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Prezident İlham Əliyevin münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduqlarını dəfələrlə bəyan etmələrinə baxmayaraq, ermənilər öz fəaliyyətləri ilə Azərbaycana həm İkinci Qarabağ müharibəsi, həm də ondan sonrakı antiterror əməliyyatı ilə mübarizə aparmaqdan başqa seçim qoymayıblar.
Eyni zamanda diqqətə çatdırılıb ki, erməni təbliğatının əksinə olaraq Azərbaycanın addımları beynəlxalq hüquq normalarına əsaslanıb. Diqqətə çatdırılıb ki, məlum üçtərəfli bəyanatda Rusiya sülhməramlılarının bölgəyə gəlməsi ilə öz silahlı qüvvələrini Azərbaycanın Qarabağ bölgəsindən çıxarmaq öhdəliyi götürən Ermənistan üç il ərzində bu öhdəliklərini yerinə yetirməyib. Əksinə, qanunsuz erməni silahlı dəstələri bölgədə sabitliyi pozmağa davam edərək Azərbaycan ərazilərində həm mülki şəxsləri, həm də hərbi qulluqçuları hədəfə alan çoxlu sayda mina yerləşdiriblər. Ermənistanın minalama siyasəti cari zamandək 60-dan çox Azərbaycan vətəndaşının həyatını itirməsi ilə nəticələnib. Habelə Laçın yolunda nəzarət-buraxılış məntəqəsi yaradılmazdan əvvəl Ermənistan Qarabağa qanunsuz olaraq mina, silah və əsgər göndərib. Bu yaxınlarda keçirdiyi antiterror əməliyyatı zamanı Azərbaycan tərəfi həmin ərazilərdə yenicə qoyulmuş minalar aşkarlayıb.
Barbar Ermənistandan fərqli olaraq, etnik və dini mənsubiyyətinin fərqinə varmadan bütün vətəndaşları ilə bərabar şəkildə davranan dövlətimizin humanist siyasətinə toxunulan məqalədə qeyd olunub ki, Azərbaycan Qarabağı tərk etməmək qərarına gələn ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası üçün böyük səylər göstərir. Belə ki, Azərbaycan hakimiyyəti Qarabağ ermənilərinin reinteqrasiya ehtiyaclarını müzakirə etmək üçün yerli erməni liderləri ilə görüşlər keçirib, onların humanitar yardım ehtiyaclarını dərhal qarşılayıb. Habelə Xankəndidə yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində meydana gələn yanğını söndürmək və partlayışdan əziyyət çəkən yaralıları müalicə etmək üçün əraziyə yanğınsöndürənlər ezam etməklə Azərbaycan etnik mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlarına, o cümlədən Qarabağda yaşayan ermənilərə bərabər yanaşdığını isbatlayıb.
Azərbaycanın həyata keçirdityi multikulturalizm siyasəti sayəsində qərəz və nifrətin Azərbaycan mədəniyyətinə yad olduğuna diqqət çəkən müəllifə görə məhz həmin səbəbdəndir ki, öz xalqının Ermənistanla amansız münaqişədən onilliklər boyu əziyyət çəkməsinə baxmayaraq, humanizm prinsiplərinə sadiqlik nümayiş etdirən Azərbaycan dövləti erməniləri evlərindən qovmur, əksinə, onları Azərbaycan vətəndaşı kimi inteqrasiya etmək siyasətini yürüdür.
Ermənilərin getmək qərarının heç bir halda etnik təmizləmə və müharibə cinayəti olmadığına diqqət çəkən israilli politoloq bu xüsusda qeyd edib ki, bəzi ermənilər azərbaycanlılara o qədər nifrət edirlər ki, onlarla nə az, nə çox - bərabər vətəndaş kimi yaşamaqdan imtina edirlər. Yekunda o, həmvətənlərini ölkəmizə qarşı əsassız nifrət və zəhər saçan xora qoşulmaqdansa, öz ərazisində yaşayan digər xalqların nümayəndələrinə sevgi və tolerantlıq nümayiş etdirən multukultural Azərbaycanı hər fürsətdə dəstəkləməyə çağırıb.
Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://www.israelhayom.com/opinions/why-israelis-should-support-azerbaijani-action-in-karabakh/