"Natiq Qasımov əsl qəhrəmandır və o, ən yüksək ada haqq edir" - Deputat

 23:22 05.10.2023     795

"Bu gün Xocalıda Azərbaycan bayrağının qaldırılması xəbərini eşidəndə ilk xatırladığım, həm də böyük minnətdarlıqla xatırladığım 22 yaşında özünü əsir edib, əsir düşməyib, məhz əsir edib 22 xocalılını ölümdən qurtaran Natiq Qasımov oldu. Onun haqqında ilk dəfə xəbər tutanda gedib doğmları və özünü necə əsir etdiyini gözləri ilə görən Xocalı sakini Cəfər Cəfərovla görüşüb dediklərini sənədləşdirməklə az da olsa, rahatlıq tapmağa çalışdım".

Redaktor.az xəbər verir ki, bu barədə deputat Sahib Alıyev özünün feysbuk hesabında yazıb.

"Uyğun qurumlara 2017-ci ildə də dedim, indi də bildirirəm ki, şəhid Natiq Qasımov əsl qəhrəmandır və o, ən yüksək ada haqq edir. Ümid edirəm ki, Xocalıdakı küçələrdən birinə mütləq bu Bayraq Adamın adı veriləcək. Natiq Qasımovu niyə "Bayraq Adam" adlandırdığımı linkini şərh yerində paylaşdığım videoya baxanda biləcəksiniz. Ruhun şad olsun şəhidim, sənin qürurla gəzdirdiyin, özünü əsr edəndə belə düşmənə vermədiyin üçrənglimiz indi Xocalıda dalğalanır!", - deyə deputat qeyd edib.

Qeyd edək ki, Natiq Qasımov 1971-ci il yanvarın 2-də Gədəbəyin Kiçik Qaramuradlı kəndində dünyaya gəlib. Bir müddət sonra ailəsi ilə birlikdə Mingəçevirə köçüb.

Məktəbi bitirdikdən sonra Azərbaycan DRES-də çilingər, kinoteatrda kinomexanik işləyib. Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşunlarda hərbi xidmət yolunu keçib.

1991-ci ildə ordudan tərxis olunduqdan sonra bir müddət valideynlərinin yanında qalan Natiq könüllü olaraq yenidən Vətənin müdafiəsinə yollanıb. Xocalı faciəsində sakinlərin başına gətirilənlər onu daha da hiddətləndirib. Natiq 1992-ci ildə Ağdamın Pirlər kəndində 5 gün kilsədə qalıb ermənilərlə təkbaşına döyüşüb, sonda Xocalı əsirlərinin öldürülməməsi üçün təslim olub. İtaliyalı fotomüxbir Enriko Sarzininin çəkdiyi şəkildə Natiqin ağır döyüşlərdən sonra əlində üçrəngli milli bayrağımız iki saqqallı erməni arasında məğrurcasına addımladığı əks olunub. Ermənilər 5 gün müddətində kilsədə onlarla cəmi bir nəfərin mübarizə apardığını bilib çox pərt olmuşdular. Natiq Əsgərana aparılır və orada dindirilir. Dindirilmə səhnəsindən də fotolar var. Ermənilər tərəfindən əsir və girov götürülmə faktı danılan şəxslərin siyahısında Natiq Qasımovun da adı var. Dəfələrlə edilmiş müraciətlərə baxmayaraq, erməni tərəfi bu günədək Natiqin sonrakı taleyini Azərbaycandan və beynəlxalq təşkilatlardan gizlətməkdədir.

Britaniyalı rejissor və senari müəllifi Karan Sinq N.Qasımovun həyatından bəhs edən sənədli film çəkib.

Rejissor filmdə Natiqi dindirən şəxsin Xocalı qatili genral-mayor Vitali Balasanyan olduğunu üzə çıxarıb. V.Balasanyan isə bu faktı təkzib edib, guya "özünü tanımayıb". Mingəçevirdəki Şəhidlər Xiyabanında itkin düşənlərin rəmzi məzarları sırasında Natiq Qasımovun da adı var.

T.İSMAYIL