"Əgər pozucu qüvvələr mane olmasa, Azərbaycan heç vaxt görüşdən imtina etmir" - Elman Məmmədov gözlənilən Brüssel görüşündən danışdı

 16:06 06.10.2023     450

Xəbər verdiyimiz kimi Avropa İttifaqı (Aİ) Şurasının rəhbəri Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın oktyabrın sonunda Brüsseldə keçiriləcək görüşdə iştirak etmək barədə razılığa gəldiklərini bildirib.

Görüşdən gözləntilərlə bağlı Milli Məclisin deputatı Elman Məmmədov Redaktor.az-a danışdı.

Deputat söylədi ki, əgər baş tutsa, yenidən o pozucu qüvvələr mane olmasa, xüsusilə də Fransa prezidenti mane olmasa, Azərbaycan heç vaxt görüşdən imtina etmir:

" Azərbaycan görüş tərəfdarıdır və mövqeyi məlumdur. Azərbaycan bəyan edir ki, bizim heç kimin ərazisində, torpağında gözümüz yoxdur, heç kimin ərazisinə müdaxilə etməmişik və etmək fikrində də deyilik. Biz o məsələnin tərəfdarıyıq ki, ümumi bölgədə, xüsusilə də Azərbaycanla Ermənistan arasında dayanıqlı sülh olsun. Bunun üçün bir birimizin ərazi bütövlüyümüzə qarşılıqlı hörmətlə yanaşmaq, bir-birimizin daxili işlərimizə müdaxilə etməmək kifayətdir. Azərbaycan da bu dediklərinə əməl edir, heç bir dövlətin daxili işinə qarışmır, o cümlədən Ermənistanın. Ancaq Ermənistan və Ermənistan tərəfdarları hələ bu gün də qanuna zidd hərəkətlərindən, mövqelərindən əl çəkmirlər. Silahlanmadan danışırlar, bölgəyə əlavə hansısa qüvvələrin cəlb olunmasından danışırlar. 

Avropa Parlamenti kimi yaramaz bir qurum vasitəsilə Azərbaycana qarşı qətnamələr çıxarırlar. Görün bunlar nə fikirləşirlər? Bəşəri cinayətlər törətmiş, dövləti cinayətlər törətmiş cinayətkarların, amnistiya tələbindən danışırlar. Yəni bu da qeyri-mümkün olan şeydir. Azərbaycan danışıqlara həmişə hazırdır, Azərbaycanın mövqeyi də məlumdur. Bu şərtlə ki, ermənipərəst kənar qüvvələr aranı qarışdırmasınlar və Azərbaycanla təzyiq dili ilə danışmaq fikrində olmasınlar. O ki, qaldı Qarabağ məsələsinə, bu məsələ artıq bitibdir, bütün ərazilərimiz tam azaddır. Ərazilərimizdə artıq separatçı qüvvələr də yoxdur. Qeyri dövlətlərin, işğalçı dövlətin hərbi birləşmələri də yoxdur. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olunur".

Humay İSGƏNDƏRLİ