"Türkiyənin bu prosesdə iştirakına məhz Fransa qarşı çıxmışdır" - Deputat

 17:11 06.10.2023     631

Avropa İttifaqı (Aİ) Şurasının rəhbəri Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın oktyabrın sonunda Brüsseldə keçiriləcək görüşdə iştirak etmək barədə razılığa gəldiklərini bildirib.

Qeyd edək ki, ötən gün Avropa İttifaqı Şurasının rəhbəri, həmçinin Fransa və Almaniya liderləri Emmanuel Makron və Olaf Şolts Qranadada Ermənistanın baş naziri Nikol Paşinyanla görüş keçiriblər. Azərbaycan Prezidenti İlham Əliyev bu görüşdə iştirak etməyib. Danışıqlardan sonra Ş.Mişel Ermənistan və Azərbaycan liderlərini oktyabrın sonunda Brüsseldə keçiriləcək üçtərəfli görüşə dəvət edəcəyini açıqlamışdı.

Oktyabrın sonunda Brüsseldə keçiriləcək görüşlə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Tural Gəncəliyev söylədi ki, Qranadada keçirilən görüşdən imtina etməyimiz üçün haqlı səbəblərimiz var idi:

"Bu, həm Avropa İttifaqında Fransanın çox destruktiv mövqeyi, eyni zamanda ölkəmizə qarşı Avropa siyasətçiləri və müəyyən qəbuledilməz şərtlərin qoyulması ilə bağlı idi. Ancaq bizim rəsmilərimiz bildirdilər ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə Azərbaycan, Ermənistan liderləri arasında üçlü görüşün gələcəkdə olması istisna olunmur. Biz sadəcə olaraq, Fransanın həmin bu görüşlərdə destruktiv mövqe ilə ortaya çıxaraq bu görüşlərə daha çox ziyan vurmaq, xələl gətirmək mövqeyinə qarşıyıq. Ancaq Avropa İttifaqının hansısa bir şəkildə vasitəçilik cəhdlərindən imtina edilməmişdir.

Gələcəkdə dediyimiz kimi, əgər Ermənistan özünü konstruktiv məcrada apararsa, həqiqətən də sülhün əldə olunması istiqamətində Azərbaycanın təklifləri ilə razılığı olacağı təqdirdə Avropa İttifaqı Şurasının prezidentinin səyləri ilə də görüşlərin keçirilmə istisna olunmur. Yəni, dediyimiz kimi, burada yalnız Fransanın iştirakı ilə görüşlər bizim üçün qəbuledilməzdir. Çünki Fransa əvvəlcədən qərəzli şəkildə Ermənistanı dəstəkləyir və ona görə də burada ayırmaq lazımdır, - Fransa başqadır, Avropa İttifaqı Şurasının prezidenti isə tamam başqadır. Yeri gəlmişkən, biz haqlı olaraq Türkiyənin bu prosesdə iştirakını təklif etmişdik ki, Fransa buna qarşı çıxmışdır. Ona görə bu işlərdə əsas təqsirkar məhz Fransadır ki, bu proseslərə daha çox xələl gətirmək istiqamətində fəaliyyət aparır, nəinki töhfə verir".

Humay İSGƏNDƏRLİ