Sərsəng su anbarının istismara verilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir

 13:12 09.10.2023     497

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Sərsəng su anbarı, 130 min hektar ərazini su ilə təmin edən və uzunluğu 6426 km olan suvarma kanalları şəbəkəsi, 185 km-lik kollektor və drenaj kanalları, 1429 artezian quyusu, 539 hidrotexniki tikinti obyektləri, 220 su elektrik stansiyası, 88 nasos stansiyası, habelə ümumi həcmi 640 milyon m3 olan 8 su anbarı işğala məruz qalmışdı.

Azərbaycan 2020-ci ilin payızında Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarını işğaldan azad etdikdən sonra Sərsəng su anbarı ilə eyni vaxtda inşa olunmuş Suqovuşan (ona yerli əhali "bala Sərsəng" də deyirdi) su anbarına nəzarəti həyata keçirir. Suqovuşan su anbarı, kanallar qısa müddətdə restavrasiya edildi, anbarın suyu Tərtər çayı ilə yönləndirilməklə - 30 ildir qoyulan süni maneələri qaldırmaqla Azərbaycanın ətraf bölgələrindəki təxminən 30 min hektar ərazidə əkin sahəsinin suvarma təminatını yaxşılaşdırmağa nail olundu.

Hazırda işğaldan azad olunmuş və  Ağdərə rayonunun ərazisində yerləşən Sərsəng su anbarı 1976-cı ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə Tərtər çayı üzərində inşa edilmişdir. Anbarın ümumi həcmi 560 mln m³, faydalı həcmi 500 mln m³, ölü həcmi isə 60 mln m³-dir. Anbarın normal dolma səviyyəsi 726 m, daşqın suları axıdan zaman maksimum dolma səviyyəsi 728,5 m, ölü həcmin səviyyəsi 662 m, normal dolma səviyyəsində su anbarının uzunluğu 11,75 km, eni 1,75 km, normal səviyyədə suyun dərinliyi 103 m-dir. Normal səviyyədə su güzgüsünün sahəsi 1346 ha, ölü həcmin səviyyəsində su güzgüsünün sahəsi 270 ha-dır. Sahil xəttinin uzunluğu 50,25 km-dir. Anbarın bəndinin hündürlüyü 125 m, uzunluğu 555,1 m, üstdən eni isə 10,2 m-dir.

Həmçinin anbarda hər birinin gücü 50 mqvt olan 2 ədəd turbindən ibarət Su Elektrik Stansiyası mövcuddur. Hər bir turbinin su buraxma qabiliyyəti 30 m³/san olmaqla SES-dən cəmi 60 m³ su buraxıla bilər. Bundan əlavə suvarma məqsədilə çaya su buraxmaq üçün SES işləmədiyi hallarda anbarın bəndində 6 ədəd siyirtmə quraşdırılmışdır. Bu siyirtmələr vasitəsilə hər biri 5 m³/san olmaqla Tərtər çayına cəmi 30 m³/san su buraxmaq olur. Eləcə də su anbarı dolduğu hallarda qəza sutullayıcısı vasitəsilə 740 m³/san miqdarında daşqın suları Tərtər çayına axıtmaq nəzərdə tutulmuşdur.

Qeyd etmək lazımdır ki, Sərsəng respublikada bəndinin hündürlüyünə görə ən yüksək su anbarıdır. Sərsəng su anbarı ərazilərin işğalından öncə respublikanın 6 rayonunun (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi. Ərazilərin işğalından sonra anbarın suyunun istifadəsinin mümkün olmaması nəticəsində kənd təsərrüfatı bitkilərinə suvarma suyunun verilməməsi respublikanın bu regionuna əvəz olunmaz zərər vurmuşdur.

Hazırda su anbarına və onun qurğularına işğal altında olduğu 10 ildən artıq müddətdə heç bir texniki xidmət göstərilmədiyi üçün o qəza vəziyyətindədir. Bu səbəbdən Sərsəng su anbarı onun aşağı byefində yerləşən əhali üçün ciddi təhlükə yaradır. Qəza baş verərsə Tərtər rayonunun bir sıra kəndləri tamamilə bəzi kəndləri isə qismən su altında qala bilər.

2016-cı il yanvarın 26-da Avropa Şurası Parlament Assambleyası (AŞPA) tərəfindən Sərsəng su anbarı ilə bağlı  qətnamə qəbul olunub.: “Bu qətnamə həm ədalətlidir, həm də çox sərtdir. Sənəddə praktiki olaraq AŞPA Ermənistanı birmənalı şəkildə günahlandırıb. Sərsəng su anbarından Azərbaycan tərəfinə suyun keçməsinin qarşısının mütəmadi olaraq qəsdən alınması “ekoloji təcavüz” adlandırılıb.  Sənəddə işğal edilmiş Azərbaycan ərazilərində yerləşən su təchizatı və irriqasiya sistemlərinin beynəlxalq hüququn fundamental prinsipləri pozulmaqla Ermənistan tərəfindən qeyri-qanuni blokada edilməsi faktı kəskin şəkildə pislənir. Həmin qətnamədə Ermənistanın bu əməllərinin 1966-cı il Helsinki və 2004-cü il Berlin qaydalarına tam zidd olduğu bildirilib.

Artıq Sərsəng su anbarının  işğaldan azad olunması onun yenidən işlək vəziyyətə gətirilməsi üçün şərait yaradır. Qeyd edək ki,  bərpasından sonra Sərsəng su anbarında toplanan su ilə Tərtər, Ağdərə, Ağdam, Ağcabədi, Yevlax, Bərdə, Goranboy rayonlarının  ümumilikdə 95 min hektar əkin sahəsi suvarma suyu ilə təmin olunacaq.

Saleh Sadıqov,

Azərbaycan  Meliorasiya və Su Təsərrüfatı ASC HGMX və SİMNİ-nin rəisi,

respublikanın əməkdar mühəndisi

2