Deputatın adından saxta açıqlama yayıldı - "Doğrudursa, səsimi də versinlər"
"Bu günlərdə Tik-tok-da və bəzi səhifələrdə mənim adımdan Xankəndidə yaşayan ermənilərin pensiya yaşının 55-ə endirilməsi ilə bağlı mövcud qanunvericiliyə zidd olan “açıqlama” paylaşıblar. Mən heç bir yerdə belə bir nüsahibə verməmişəm və mənim adımdan uydurulmuş yazıdır. Belə bir saxta və montaj edilmiş məlumat tam qərəzlidir".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı özünün feysbuk hesabında yazıb.
"Bu insanlar görünür ki, şər və böhtan yaymaqdan zövq alırlar. Sözsüz ki, bu cür uydurulmuş yazı tamamilə əsassızdır. Doğrudursa, səsimi də versinlər. Bu dərəcədə yalan xəbəri yayanların nə demək istədikləri aydındır. Cəmiyyətdə xoşagəlməyən, Azərbaycan ictimaiyyətində çox pis qarşılanan belə saxta xəbərləri yayanlarla revanşist və separatçı ermənilərin, eləcə də onları dəstəkləyənlərin məqsədi ilə tam eynidir. Bu insanlar tapşırıqları xaricdən, Azərbaycanın uğurlarını sevməyən və Azərbaycanofibiya xəstəliyi olan qüvvələrdən, kim bilir bəlkə də Ermənistandan alırlar", - deyə deputat bildirib.
T.İSMAYIL