“Açıq hökumətin təşviqində və korrupsiyaya qarşı mübarizədə medianın rolu” mövzusunda dəyirmi masa keçirilib - FOTO

 16:44 10.10.2023     210

Oktyabrın 10-da Medianın İnkişafı Agentliyi və  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə “Açıq hökumətin təşviqində və korrupsiyaya qarşı mübarizədə medianın rolu” mövzusunda dəyirmi masa keçirilib. 

Redaktor.az xəbər verir ki, media və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Layihələrin idarəedilməsi departamentinin müdiri Elnur Bağırlı çıxış ediblər. 

Natiq Məmmədli çıxışında qeyd edib ki, cənab Prezidentin müvafiq sərəncamları ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” və “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilmişdir. Qeyd olunan Milli Fəaliyyət Planlarında dövlət orqan və qurumları üçün korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın daha da gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsi xüsusi istiqamət olaraq müəyyənləşdirilmişdir. Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması çərçivəsində mütəmadi müzakirələrin təşkilinin vacibliyini və medianın ictimai nəzarətçi funksiyasını həyata keçirdiyini vurğulayan Natiq Məmmədli bildirib ki, media etikası jurnalist peşəkarlığının əsas prinsipi olduqda və jurnalist peşəsinə sadiqlik nümayiş etdirdikdə bu funksiyanın icrasını təmin etmək daha effektiv və səmərəli olacaqdır.

Elnur Bağırlı korrupsiyaya qarşı mübarizədə və ictimai nəzarətin həyata keçirilməsində media subyektlərinin və qeyri-hökumət təşkilatlarının əhəmiyyətli rolunu qeyd edib, onların dövlət orqan və qurumları ilə tərəfdaşlıq əsasında həyata keçirdiyi tədbirlərin vacibliyini vurğulayıb. Departament müdiri qeyd edib ki, medianın ilk funksiyası ictimai müzakirənin mütəmadi təşkil olunduğu bir platformanı təmin etməkdir. “İctimai nəzarət mexanizminin institusional hal alması üçün təkliflərin irəli sürülməsi və onların həyata keçirilməsi olduqca önəmlidir”, - deyə Elnur Bağırlı əlavə edib.

Daha sonra tədbir media və qeyri-hökumət təşkilatları təmsilçilərinin müzakirələri ilə davam edib, onların fikirləri dinlənilib və təklifləri öyrənilib.