"Hərbi tədbir bu gün Ermənistana sərf edən məsələ deyil" - Polkovnik AÇIQLADI

 17:17 11.10.2023     368

Bildiyimiz kimi, ötən gün Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının iki hərbi gəmisi qeyri-rəsmi dostluq səfəri ilə bağlı Bakıya gəlib. Eyni zamanda dünən Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Azərbaycanda səfərdə olub.

Həmçinin Fransa 56 nəfərlik mülki təhlükəsizlik qüvvələri ilə bərabər 2 “Dash” təyyarəsi, 1 mobil idarəetmə stansiyası, 2 ton avadanlıq və 2 xilasedici it srağagün İrəvana gətirib.

Maraqlıdır, baş verən bu proseslərin bir-biri ilə hər hansı formada əlaqəsi ola bilərmi? Regionda gedən proseslərdə dəyişiklik gözləniləndirmi?

Mövzu ilə bağlı ehtiyatda olan polkovnik Elşad İsayev Redaktor.az-a danışarkən dedi ki, baş verənlərlə bağlı əlaqə görmür:

"Patruşevin səfəri zamanı dövlətlərarası münasibətlər və sülhmərmalılarla bağlı yəqin ki, müəyyən məsələlər müzakirə olunub. Hansı məsələlərin daha dəqiq müzakirə olunacağı, yəqin ki, mətbuata da sızacaq. Qaldı ki, Fransanın Ermənistana hərbçi göndərməsinə, mən güman etmirəm ki, Fransadan Ermənistana hərbi kontingentin gəlməsi Ermənistanı gücləndirəcək və ya ilhamlanacaq.  İstər Fransa dövləti, istər Ermənistan hakimiyyəti çox yaxşı bilir ki, bu günkü reallıq nədən ibarətdir. Ermənistanın ağılsız bir hərəkəti, yəni ağılsız bir siyasəti mümkün ola bilməz.

İndiki vəziyyətdə 150 fransız əsgəri gəlsə belə, Ermənistan Azərbaycana qarşı hansısa bir  hərbi tədbir keçirə bilməz. Fransızların ora gəlməsi isə ola bilsin ki, hərbi təlimlər və s. keçirilə bilər.  Ancaq bütün bunların baş verməsi, orada hansısa bir hadisənin olacağı gözləntisindən xəbər vermir. Bildiyimiz kimi, Yaxın Şərqdə də vəziyyət gərginləşib. Yəni indiki şəraitdə Ermənistan dövləti və onun baş naziri çox gözəl bilir ki, hərbi tədbir bu gün onlara sərf edən məsələlər deyil. Bu gün Azərbaycan Silahlı Qüvvələri kifayət qədər güclüdür, Azərbaycan dövlətinin siyasəti kifayət qədər məntiqlidir və nəticəlidir. Ona görə güman etmirəm ki, burada nəsə bir şey baş versin".

Humay İSGƏNDƏRLİ