"Vitali Balasanyan da ədalət məhkəməsi qarşısında cavab verəcək" - Elşad İsayev

 17:54 12.10.2023     345

"Qarabağda "fəaliyyət" göstərmiş və yüzlərlə günahsız insanların, o cümlədən uşaqların, qadınların, qocaların vəhşicəsinə öldürülməsində, şikəst edilməsində əli olan qondarma rejimin əksər üzvü Azərbaycan hüquq mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilib. Onlar həbs olunaraq, digərləri kimi ölkəmizə gətirilərək cəzalarını alacaqlar".

Bu sözləri Redaktor.az-a danışan təhlükəsizlik orqanlarının veteranı, ehtiyatda olan polkovnik Elşad İsayev deyib.

O söylədi ki,  Azərbaycan prezidentinin qətiyyəti, müdrik siyasəti və Azərbaycan əsgərinin rəşadəti sayəsində az qala son illərin hər gününü, hər ayını qələbə dolu sevinclə yaşamışıq:

"Gəlin yaxın tarixi vərəqləyəq. Hələ 2016-cı ilin aprelində Azərbaycan əsgəri erməni əsgəri haqqında uydurulmuş mifi darmadağın etdi. Nəticədə Ermənistanın rəhbərləri böyük dövlətlərdən yardım istədilər, müharibənin dayandırılması üçün yalvardılar. Çünki bilirdilər ki, müzəffər Azərbaycan əsgərinin qarşısında duruş gətirə bilməyəcəklər. Onda da ordumuz böyük bir ərazini düşməndən azad etdi. Lələtəpədə üçrəngli bayrağımız dalğalandı, həmin gün Ali Baş Komandanın çıxışını dəqiqliklə xatırlayıram.

Cənab Ali Baş Komandan  bildirirdi ki, vaxt gələcək müqəddəs bayrağımız Cəbrayılda, Füzulidə, Qubadlıda, Zəngilanda, Kəlbəcərdə, Laçında, Ağdamda, Şuşada, Xankəndidə dağlanacaq. O vaxt gəldi, ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa olundu. 44 günlük müharibədə, lokal antiterror tədbirləri nəticəsində suveren ərazilərimizdə 30 illik işğal dövründə olan qanunsuz erməni silahlı qüvvələrinin varlığına son qoydu. Hamı gördü ki, nə qədər silah, sursat və hərbi ləvazimatlar, avadanlıqlar təhvil verildi, rəqəmlər adamı dəhşətə gətirir. Bu qədər arsenal hardandır? Yenə də möhtərəm prezidentimizin xalqa müraciətini xatırlayırıq. Qondarma rejimin, xuntanın rəhbərləri layiqli cəzalarını alacaqlar. Hər kəs qanun qarşısında, ədalət qarşısında cavab verməlidir. Heç kim bizə təzyiq və göstəriş verə bilməz.

Bu gün hər şey aydındır. Hadisələr hər kəsin gözünün qarşısında baş verir. Ruben Vardanyan, Arkadi Qukasyan, Bako Saakyan, David İşxanyan, David Marukyan, Araik Harutyunyan və sairlər həbs olunublar, ifadə verirlər. Bütün canilər, terrorçular həbs olunacaq. Köçəryanın, Sarkisyanın da vaxtı gələcək, əli-qolu bağlı ədalət məhkəməsi qarşısında cavab verəcəklər. Xocalı qatili Vitali Balasanyanın olmazın cinayətlərdə əli var, onlarla günahsız insanların vəhşicəsinə öldürülməsində, yandırılmasında şəxsən iştirak edib.

Yəqin ki, Böyük Britaniyanın “Broken Pot Media” şirkətinin çəkdiyi "Oğul" filminə baxmısınız. Filmin ssenari müəllifi və rejissoru Karan Sink-dir. Filmdə Natiq Qasımovun erməni silahlıları tərəfindən dindirilən zaman italyan fotoqraf Enriko Sarsini orda olub. Filmdə terrorçu, qatil Vitali Balasanyan ifşa olunur. Uğurlu çəkilmiş ekran işində elə erməni əsgər və zabitləri bilmədən onu ifşa edirlər. Bu günlərdə əsir və itkin düşən vətəndaşlarımızın axtarışını həyata keçirən dövlət komissiyası bu barədə ətraflı məlumat verib".

Polkovnik dedi ki, yüzlərlə vətəndaşımız kimi cəsur əsgər Natiq Qasımov da qatil Vitali Balasanyan tərəfindən xüsusi amansızlıqla qətlə yetirilib:

"O da digərləri kimi ədalət məhkəməsi qarşısında cavab verəcək. Bu gün gizlənir, qaçır, ancaq zaman hər şeyi yoluna qoyacaq. Hətta Ermənistan özü bu cinayətkarı və ya digərlərini Azərbaycana təhvil verməyə məcbur olacaq. Yuxarıda xronologiyanı təsadüfən yada salmadım, belə məsələlərdə tələsmək olmaz. Hər şey öz qaydasında gedir. Dövlət başçımız nəyi və nə vaxt edəcəyini çox gözəl bilir. Silahlı Qüvvələrimiz hüquq mühafizə, xüsusi xidmət orqanlarımız üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər".

Humay İSGƏNDƏRLİ