"Növbəti illərdə kənd təsərrüfatı istehsalının artım tendensiyasının davam edəcəyi gözlənilir" - Ekspert

 12:29 13.10.2023     344

2003-cü ildən başlayaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yeni iqtisadi siyasət strategiyası həyata keçirilməyə başlanılmış, 2004-cü ildən etibarən regionların sosial-iqtisadi inkişafı istiqamətində 4 Dövlət Proqramı qəbul edilmiş, bu proqramlar çərçivəsində regionlar yeni inkişaf mərhələsinə qədəm qoymuş, çoxsaylı yeni müəssisələr və iş yerləri yaradılmış, kənd təsərrüfatına verilən dəstəklə əhalinin məşğulluq səviyyəsinin artırılması əsas prioritetlər olaraq müəyyən edilmişdir. Fermer təsərrüfatlarının sərmayə ehtiyacının müəyyən hissəsinə dövlət tərəfindən birbaşa və dolayı dəstək verilməsi sayəsində kənd təsərrüfatı məhsulları istehsalının artımı təmin edilməyə başlamışdır. İlkin olaraq bütün bitki növlərinə gübrə və sürtkü yağları üçün əkin subsidiyasının verilməsinə başlanılmış, nəticədə istehsal xərclərinin bir hissəsi dövlət tərəfindən ödənilmişdir.

Redaktor.az xəbər verir ki, bu fikirləri ekspert Cəfər İbrahimli bildirib. O, ötən illərdə aqrar sektorda əldə olunan nəticələrdən danışarkən diqqətə çatdırıb ki, paralel olaraq istehsalın davamlılığı və aqrotexniki qulluğun vaxtında aparılması üçün kənd təsərrüfatı texnikası və avadanlıqlarının güzəştli qiymət və uzunmüddətli kreditlə (lizinq) təklif olunması istehsalın stimullaşdırılmasına əlavə təkan vermişdir. 2017-ci ilədək 28000 ədəd texnika və avadanlıq güzəştli qiymətlə sahibkarlara satılmışdısa, cari ildə bu rəqəmin 50000 ədəddən çox olduğu təxmin edilir. 2010-cu ildən etibarən 40-60 faiz güzəşt tətbiq edilməklə lizinq vasitəsilə fermerlər üçün cins damazlıq heyvanların satışına başlanılmış və bütün bunlar intensiv heyvandarlıq təsərrüfatlarının yaradılmasına səbəb olmuş, nəticədə ət və süd məhsullarının idxaldan asılılığı azaldılmışdır.

Onun sözlərinə görə, cari ilədək 100 minə yaxın cins damazlıq heyvanlarının bu şərtlərlə fermerlərə satışının təmin edilməsi nəticəsində süd istehsalı 2 milyon tona çatmış, bu da özünü təmin etmə səviyyəsində 90 faizə yaxınlaşmışdır. Paralel olaraq ötən illər ərzində Sahibkarlığın İnkişafı Fondu və AKİA tərəfindən tikinti və infrastruktur layihələrinin, o cümlədən cari xərclərin qarşılanması məqsədilə fermerlərə güzəştli faiz şərtləri ilə kreditlərin verilməsi təmin olunmuşdur. Bununla da əsas istehsal vasitələrindən olan sərmayə ehtiyacının subsidiya, kredit və ya əmlak vasitəsilə fermerlərə yönəldilməsi təmin edilmişdir. 2000-2023-cü illərin kənd təsərrüfatı sektorunun əsas göstəriciləri aşağıdakı cədvəldə qeyd edilmişdir:

 

2000-ci il

2023-cü il

Artım

Əkin sahəsi (Ha)

1041000

1645000

+60%

Bağ sahələri (ha)

76000

174000

+128%

Dənli bitkilər istehsalı (ton)

1540000

3161000

+100%

Pambıq istehsalı (ton)

91000

322000

+253%

Pambıq məhsuldarlığı (sent/ha)

9.1

30.9

+239%

Süd istehsalı (ton)

1031000

2264000

+119%

İribuynuzlu  heyvan (baş)

2021000

2618000

+29%

Xırdabuynuzlu heyvan (baş)

6085000

7751000

+27%

Ekspert bildirib ki, son illərdə hər il dövlət büdcəsindən kənd təsərrüfatına təxminən 1 milyard manat vəsait ayrılır və bunun 50 faizə qədəri subsidiya formasında birbaşa istehsalla məşğul olan fermerlərə ödənilir. Bunların fonunda kifayət qədər kənd təsərrüfatı texnikası ilə təchiz edilmiş, maliyyə dayanıqlığını təmin etmiş, elmi əsaslara söykənən və yeni idarəetmə yanaşması ilə kadr potensialını yüksəltmiş fermer təsərrüfatlarının məhsuldarlığının artırılması hesabına növbəti illərdə kənd təsərrüfatı istehsalının artım tendensiyasının davam edəcəyi gözlənilir.

Məhsuldar toxum sortlarının yaradılması, torpaqlardan səmərəli istifadə və mütərəqqi suvarma sistemlərinin tətbiqi, cins damazlıq təsərrüfatlarına nəzarət sisteminin qurulması və cins tərkibinin qorunub saxlanması, örüş otlaq sahələrinin mühafizəsi və ot örtüyünün yaxşılaşdırılması, o cümlədən meliorasiya tədbirlərinin aparılması, kiçik pay torpaqlarının birləşdirilməsi strategiyası kimi işlərin isə dövlət strukturları tərəfindən həyata keçirilməsi həlli vacib məsələlərdir.

“İşğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin edilməsi, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlara qayıdışı istiqamətində genişmiqyaslı layihələr həyata keçirilməkdədir. İşğaldan azad olunmuş ərazilərlə bərabər Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı potensialından tam istifadə olunması kənd təsərrüfatı məhsulları istehsalının ümumi daxili məhsulda payının artmasını təmin edəcəkdir. Nəticə etibarilə kənd təsərrüfatı məhsulları istehsalının davamlılığı həm də əlavə dəyər zənciri çərçivəsində yüngül və yeyinti sənayesinin xammal təminatçısı olaraq yerli emal sənayesinin dayanıqlılığını təmin etməkdədir”, - deyə C.İbrahimli vurğulayıb (Azərtac).