Nida işarəsi və üçrəngli bayraq

 13:59 17.10.2023     256

Dövlət Müstəqilliyimizin Bərpası Günü ərəfəsində sevincli, xoşbəxt günlər yaşayırıq. Oktyabrın 15 -də cənab prezident İlham Əliyev Xankəndidə üçrəngli müqəddəs bayrağımızı qaldırdı.

İndi Xocalıda, Xocavənddə, Əsgəranda ölkəmizin hər bir guşəsində ay- ulduzlu bayrağımız qürürla dalğalanır. Torpaqlarımızı işğaldan azad etmişik, ərazi bütövlüyümüzü bərpa etmişik, suverenliyimizi təmin etmişik!

Cənab prezidentin respublikamıza rəhbərlik etdiyi 20 ilin hər ili bir tarixdir, bir dərsdir, bir uğur hekayəsidir!

Bu illər ərzində cənab İlham Əliyev müasir Azərbaycanın yeni tarixini yazdı, qüdrətli dövlət, sabit cəmiyyət yaratdı, güclü ordu qurdu, milli ruhlu, vətənpərvər yeni nəsil yetişdirdi.

44 günlük Vətən müharibəsindəki parlaq qələbəmiz dünya dövlətlərini bizimlə daha ehtiramlı davranmağa sövq etdi.

30 il ərzində ərazi bütövlüyümüzü dilinə gətirməyən qərb siyasətçiləri indi 86.6 min kvadrat kilometr sözlərini əzbərdən deyirlər.

Bir vaxtlar Xankəndidə "Qarabağ Ermənistandır- nöqtə"-, deyən Ermənistanın Baş Nazirinə cənab prezident Valday forumunda tutarlı cavab vermiş və söyləmişdi: Qarabağ Azərbaycandır və nida işarəsi !

Mən Xankəndidə qaldırılan o müqəddəs bayrağı cənab Ali Baş Komandanın Vətənə xidmətinin nida işarəsi kimi görürəm.

Cənab Prezident İlham Əliyev yerli televiziyalarımıza bir müsahibəsində demişdir:

- "Babamın məzarı önündə ürəyimdə dediyim sözləri ola bilsin ki, nə vaxtsa dilə gətirəcəyəm".

Məncə o gün lap yaxındadır.

... Və biz yaxın günlərdə o sözləri eşidəcəyik!

...Və o gün cənab prezidentin söylədiyi fikirlər növbəti nida işarələri ilə bitəcəkdir.

...Və bu nidalar tarixi torpaqlarımızda yellənəcək bayraqlarımız olacaqdır!

Bu müqəddəs yolda sizə yeni - yeni uğurlar arzulayırıq, əziz Prezident!

Bir xalq olaraq arxanızdayıq!

Musa (Urud) Quliyev,

Milli Məclisin deputatı