"Günahın varsa, qulağının dibini görəcəksən" - Polkovnikdən AÇIQLAMA

 17:16 17.10.2023     724

"Keçmiş xuntanın rəhbərlərindən olmuş Samvel Babayan Qarabağa status, yəni muxtar vilayət verilməsə, ermənilərin bu yerlərə bir daha qayıtmacağı barədə mətbuata açıqlama verib".

Bunu Redaktor.az-a danışarkən ehtiyatda olan polkovnik Elşad İsayev dedi.

O, bildirdi ki, Qarabağ savaşında əli yüzlərlə azərbaycanlının qanına batmış bu şərəfsiz qaçıb aradan çıxdı:

"Ancaq gec-tez o da digər terrorçular kimi ədalət məhkəməsi qarşısında cavab verməli olacaq. Status məsələsinə gəldikdə isə cənab prezident onun yerini çoxdan göstərib, hamı bilir status hardadır. Hətta dünya dövlətləri də, əsasən ermənipərəst Fransa, Belçika və s. kimi ölkələr Azərbaycan xalqının və onun prezidentinin qəti mövqeyini bilir. Status məsələsi birdəfəlik bitdi, bunu babayanlar, paşinyanlar və digər yanlar da bilməlidir. Yaşamaq məsələsinə gəlincə, yazılı surətdə Bakıya müraciət edərək Azərbaycan vətəndaşlığnı qəbul edirsən, əgər əlin günahsız insanların qanına batmayıbsa, bu torpaqlarda yaşayacaqsan. Yox, günahın varsa, qulağının dibini görəcəksən.

Qaldı ki, Xankəndidə, Ağdərədə, Əsgəranda, Hadrutda və sair yerlərdə boş qalmış evlərdə yaşmaq məsələsi, onda da narahat olmağa dəyməz. Əvvəla, Xankəndi, Hadrut, Ağdərə, Xocalı və sair yerlərdən zorla vəhşicəsinə çıxarılmış azərbaycanlı əhalisi o yerlərə qayıdacaq. İndi Ermənistan adlanan Qərbi Azərbaycan ərazisindən məcburən qovulmuş 300 mindən çox həmvətənimiz də o yerlərə yerləşdirilə bilər. Əgər Ermənistan rəhbərliyi o qaçqınları təhlükəsiz və ləyaqətli qaydalarla öz tarixi vətənlərinə qaytarmasa, onlar Xankəndi və ətraf rayonlarda yerləşdirilə bilər. Ona görə də qoy Qarabağa qayıtmaqda, muxtar vilayət statusu eşqinə düşməkdə olanlar özlərinə əziyyət verməsinlər. Bu gün Xankəndi və ətraf rayonlarda müqəddəs Azərbaycan bayrağı dalğalanır. Möhtərəm prezidentimiz demişkən, biz bu yerlərə birdəfəlik və əbədi gəlmişik".

Humay İSGƏNDƏRLİ