TƏBİB rəhbəri Britaniya səfiri ilə tibb sahəsində əməkdaşlığı müzakirə etdi - FOTO

 22:36 20.10.2023     681

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auld ilə görüşüb.

Redaktor.az xəbər verir ki, görüşdə TƏBİB-in İcraçı direktorunun müavinləri Anar İsrafilov və Araz Nəsirov, aidiyyəti departamentlərin rəhbərləri iştirak edib.

Tanışlıq və mümkün əməkdaşlıq perspektivlərinin müzakirəsi məqsədi daşıyan görüşdə uzun illər ərzində Azərbaycan və Birləşmiş Krallıq arasında yüksək səviyyəli siyasi, iqtisadi, mədəni və bir sıra digər sahələrdə sıx əməkdaşlıq, eləcə də dostluq əlaqələrinin mövcudluğu qeyd edilib.

Ölkələrimiz arasında dinamik inkişaf edən əlaqələr, eyni zamanda səhiyyə, tibb sahələrində də əməkdaşlıq ətrafında geniş fikir mübadiləsi aparılıb.

Vüqar Qurbanov TƏBİB-in fəaliyyət istiqamətləri, son illər səhiyyə sahəsində həyata keçirilən islahatlar, ölkəmizdə icbari tibbi sığorta modelinin tətbiqi, dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə olunması, infrastrukturunun təkmilləşdirilməsi və əldə olunan nəticələr barədə səfirə ətraflı məlumat verib.

İcraçı direktor qarşılıqlı əməkdaşlıq çərçivəsində yerli həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsinin, təcrübə mübadiləsinin təmin edilməsinin, britaniyalı yüksək ixtisaslı akademik heyətin cəlbi yolu ilə konfransların, təlimlərin təşkil edilməsinin, o cümlədən Azərbaycanda tibbi turizmin inkişafının, eləcə də Birləşmiş Krallığa məxsus tibb, farmakoloji sahələrdə ixtisaslaşan şirkətlərin dövlət-özəl tərəfdaşlığı çərçivəsində ölkəmizə cəlb olunma imkanlarının genişləndirilməsinin vacibliyini qeyd edib.

V.Qurbanov yeni innovativ texnologiyaların tətbiq edildiyi Birləşmiş Krallığın mövcud səhiyyə sisteminin mənimsənilməsinin müasir səhiyyə idarəetmə modelinin tətbiqi baxımdan TƏBİB üçün xüsusi əhəmiyyət kəsb etdiyini də vurğulayıb.

Səfir Fergus Auld öz növbəsində bildirib ki, səhiyyə sisteminin inkişafına Birləşmiş Krallıqda xüsusi diqqət ayrılır. O qeyd edib ki, Birləşmiş Krallığın səhiyyə sistemi 1948-ci ildən etibarən əhalinin sağlamlığına və sosial rifahına nəzarət edən Milli Səhiyyə Sistemi (NHS) hökumət idarəsi kimi hərtərəfli ictimai səhiyyə xidməti təklif edir, ailə həkimi modelinin uğurla tətbiqini həyata keçirir. Səfir vurğulayıb ki, faktiki olaraq bütün əhali qrupu tibbi xidmətlərlə əhatə olunur və bəzi kiçik ödənişlər istisna olmaqla, səhiyyə xidmətləri ödənişsizdir. Eyni zamanda Fergus Auld Azərbaycanda səhiyyə sahəsində son zamanlar müsbətə doğru dəyişikliklərin müşahidə olunduğunu, digər səhiyyə qurumları ilə yanaşı, TƏBİB-in də xüsusi rolunu qeyd edib.

Sonda əməkdaşlığın genişləndirilməsi məqsədilə qarşılıqlı səfərlərin təşkil edilməsi razılaşdırıldı.

222