Paytaxt Xankəndiyə köçürülə bilərmi? - AÇIQLAMA

 15:58 24.10.2023     1362

Azərbaycanda zaman-zaman paytaxtın Bakıdan köçürülməsi ilə bağlı müzakirələr aparılıb. Bu istiqamətdə müxtəlif təkliflərin şahidi olmuşuq. Əvvəllər daha çox paytaxtın Gəncəyə köçürülməsi barədə danışılırdı. Sonralar isə Yaşma ərazisində yeni paytaxtın salınması barədə təkliflər səsləndirildi.

İkinci Qarabağ müharibəsindəki qələbəmizdən sonra isə paytaxtın Ağdama köçürülməsi ideyası ilə çıxış edənlər oldu. Qarabağdakı son anti-terror əməliyyatlarından sonra isə Xankəndi şəhərinin paytaxta çevilməsi barədə təkliflər səsləndirilir. 

Bütün bu təkliflərin əsas səbəbi isə təbii ki, Bakının həddən artıq yüklənməsidir.

Bəs, paytaxt Bakıdan Xankəndiyə köçürülə bilərmi?

Bu barədə Redaktor.az-ın sualını cavablandıran Milli Məclisin deputatı Elman Məmmədov hesab edir ki, Xankəndi respublikanın paytaxtı üçün yararlı yer deyil.

Onun sözlərinə görə, həm Xankəndinin coğrafi mövqeyi, relyefi buna imkan vermir.

"Həm də burada müəyyən başqa məsələlər də var. Təhlükəsizlik məsələləri də var. Bu, məsələnin bir tərəfi. Digər tərəfdən, şəxsən mən bir Azərbaycan vətəndaşı kimi istəyirəm ki, elə əbədi olaraq Azərbaycan dövlətinin paytaxtı Bakı şəhəri olsun. Şanlı, şöhrətli Bakı şəhərimiz paytaxtımızdır və belə də olmağı məsləhətdir. O ki, qaldı Bakı şəhərinin həddindən artıq yüklənməsi məsələsinə, bunu düz deyirsiniz. Bu fikirlə mən də razıyam. Bakı şəhəri həddindən artıq yüklənib. Bu məsələlərlə bağlı Bakı şəhərində müəyyən problemlər yaranıb və həll olunmalıdır. Buna görə "Bakı şəhəri çox yüklənib" deməklə "paytaxtımızın yerini başqa yerə dəyişək" fikri, məncə, bu, düzgün yanaşma deyil. Bunun üçün bizim mütəxəssislərimiz, müvafiq qurumlar, ölkə rəhbərliyi götür-qoy etməlidir, çıxış yolu axtarmalıdır ki, Bakı şəhərinin yükünü necə yüngülləşdirmək olar. Bunun üçün müxtəlif yollar var. Yəni bu sahədə çalışan mütəxəssislərimiz var. Eyni zamanda, beynəlxalq aləmdə bu sahə üzrə mütəxəssis olan, tanınmış adamlar da var. Onların da təcrübəsindən istifadə etmək olar. Necə etmək olar ki, şəhərdə tıxaclar aradan götürülsün. İndi təkliflər verirlər ki, məsələn, bəzi nazirliklər bölgələrə köçürülsün, bəzi ali və orta ixtisas təhsil müəssisələri bölgələrə paylaşdırılsın və yaxud vacib deyil ki, sahibkarlıqla məşğul olan vətəndaşlarımızın bütün işləri Bakı şəhərində cəmləşsin. Bunu da bölgələrə paylaşdırmaq olar. İndi şükür Allaha işğal altındakı 20 faiz ərazimizi azad etmişik. Çox geniş ərazilər var. Bunun üçün əlverişli şəraiti olan bölgələrimiz var. Burada da iş qurmaq olar. Əhali məskunlaşandan sonra da müəyyən təhsil ocaqlarımızı köçürtmək olar, müəyyən istehsalat sahələrimizi o ərazilərə köçürtmək olar və s. Yəni belə təkliflər çox ola bilər. Mütəxəssislər bunu daha yaxşı bilirlər. Ancaq bu məsələyə görə təklif verirlər ki, Bakı şəhəri Xankəndiyə köçürülsün. Axı onu deyənlərin çoxu Xankəndinin coğrafi relyefini bilmirlər. İkinci də əgər Xankəndi təhlükəsizlik baxımından əlverişli olsaydı, Qarabağ xanı Pənahəli xan təhlükəsizlik məsələsi ilə bağlı Qarabağ xanlığını Şahbulaq qalasından köçürəndə heç Şuşaya çıxmazdı, elə Xankəndində yerləşdirərdi. Yəqin ki, o, Şuşanı daha təhlükəsiz hesab edib və ora çıxıb. Mənim fikrim belədir ki, Bakımız bizim Azərbaycanımızın paytaxtıdır. Belə olmağı da məsləhətdir. Ancaq Bakının yükünü yüngülləşdirmək üçün, dediyim kimi, tədbirlərə çox ciddi ehtiyac var", - deyə Elman Məmmədov vurğuladı.

Həmidə İBRAHİMLİ