"Ən çox canfəşanlıq edən Fransa parlamentinin üzvləri və Fransa prezidenti Makrondur" - Vahid Əhmədov

 11:51 24.10.2023     189

Avropa və bir sıra ölkələrin parlamentlərində Azərbaycana qarşı qərəzli bəyanatlar qəbul edilir.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.

Deputat vurğuladı ki, ən çox canfəşanlıq edən Fransa parlamentinin üzvləri və Fransa prezidenti Makrondur:

“Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevin apardığı müstəqil siyasəti qəbul etmək istəməyənlər çox fəallıq göstərirlər ki, 44 günlük müharibədə və 19-20 sentyabrda keçirilmiş antiterror əməliyyatında Azərbaycanın qazanılmış qələbəsinə kölgə salsınlar, ermənilərin Qarabağdan getməsini etnik təmizləmə kimi qələmə versinlər. Biz onları qovmamışıq, hətta bizim əlimizdə BMT kimi nüfuzlu bir təşkilatın missiyasının rəyi var. Rəydə açıq-aydın bildirilir ki, Azərbaycan erməni əhalisini zorla qovmayıb. Bu, artıq nüfuzli beynəlxalq təşkilatın rəyidir. Biz bu rəyi xarici siyasətimizdə geniş istifadə etməliyik. 

Dünən "3+3" formatında keçirilən Tehran görüşündə qəbul edilən bəyanatda dövlətlərin ərazi bütövlüyü, mübahisələrin sülh yolu ilə həlli, siyasi müstəqillik, suverenlik, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı öz əksini tapmışdır. Bir daha Tehran görüşündə Zəngəzur dəhlizinin İran ərazisindən keçə biləcəyi ideyası da öz təsdiqini tapmış, bu işin tez bir zamanda icra olunması vacibliyi qeyd olunmuşdur.

Ermənilərin yenidən Qarabağa qayıtmaq məsələsinə də nə qədər Azərbaycan dövləti çalışsa da, heç kim qarant verə bilməz ki, 20-30 ildən sonra yenə həmin icma Azərbaycan dövləti, onun müstəqilliyi üçün problem yaratmayacaq. Bizim humanistliyimiz həmişə bizim üçün problem yaradir. Onlar bizə qarşı yalnız əmlak iddiası qaldıra bilərlər ki, bu da həll oluna bilən məsələdir”, - deyə o bildirib.

Humay İSGƏNDƏRLİ