Dönərdən niyə zəhərlənirik? - Ekspert: "Xəstə və ölmüş heyvan ətlərindən istifadə olunur"

 15:29 26.10.2023     402

Xəbər verdiyimiz kimi, oktyabrın 24-də Bakının Binə qəsəbəsində 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərin dönərdən zəhərlənən 24 şagirdinin adı məlum olub.

Məlumata görə, uşaqların zəhərlənməsinə səbəb olan dönərxananın fəaliyyəti dayandırılıb.

Qeyd edək ki, Azərbaycanda dönərdən kütləvi zəhərlənmə ilk hal deyil. Odur ki, dönər üçün istifadə edilən ətin mənşəyi həmişə sual yaradıb.

Məsələ ilə bağlı Redaktor.az-a danışan Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirdi ki, AQTA mütəmadi olaraq monitorinqlər keçirir, amma müəyyən uyğunsuzluqlar aşkar edildikdə də o yerlər bağlandıqdan sonra yenidən açılır.

Onun sözlərinə görə, keyfiyyətsiz ətlərin satışı daima davam edir.

"Çünki artıq zəhərlənmə halları neçə dəfədir rast gəlinir. Burada birinci növbədə götürsək ki, 1 kq ətin çəkisi ilə satılan dönərin qiyməti üst-üstə düşmür və satılan ətlər də birmənalı şəkildə ya xəstə heyvanların əti olur, ya da, Azərbaycan üçün ənənəvi olmayan xəstə, ölmüş heyvan ətləri gətirilir. Yaxud da yenə də xaricdən gətirilən quş əti məhsullarından istifadə edirlər ki, burada da onun sağlamlığı yoxlanılıb-yoxlanılmaması bir qırağa, bu ətlər səhərdən-axşama qədər açıq hava şəraitində qalır. Eyni zamanda da bəzən artıq nahar saatlarında həddindən artıq çox insan olduqda yüksək istiliyə məruz qoyaraq əti artıq keyfiyyətli ət olsa belə düzgün qaydalara uyğun şəkildə bişirmirlər. Belə olan halda həmin ətin yanan hissəsində konsorogen maddələrlə yanaşı, eyni zamanda zəhərləyici maddələr yaranır ki, bu da birbaşa olaraq xəstə, immun sistemi zəif olan insanlarda daha çox reaksiya verir. Təbii ki, bu gün də gənclərimiz, uşaqlar daha çox bu kimi "fast-food" qidalarla qidalanır. Normal təbii ənənəvi qidalarla qidalanmadığı üçün immun sistemi zəif olur və yaxud da səhərdən heç bir qida qəbul etməyən uşaq birdən-birə bu kimi zərərli qidanı qəbul edir. Nəzərə alsaq ki, dönərlərin tərkibində də mayonez və ketçapdan istifadə olunur və bu mayonez-ketçap yüksək risk qrupuna aid olan bir qidadır. Və daima soyuq temperaturda soyuducuda saxlanılmadır, amma bunlar çəki ilə və yaxud vedrə ilə, istehsal tarixi bilinməyən ucuz məhsullardan istifadə edirlər. Bunu da dönərin yanında istiyə məruz qoyaraq istifadə edirlər ki, bu da zəhərlənməyə bir səbəb ola bilər. Çünki bu məhsulların tərkibi artıq həm mikrobioloji, həm fiziki çirklənməyə məruz qaldığına görə bu şəkildə zəhərlənmələr baş verə bilər. Amma yaxşı olar ki, ümumiyyətlə, dönər, bir çox "fast-food" qidaları 25 yaşa qədər olan insanlar mənşəyi bəlli olmayan yerlərdən istifadə etməsinlər. Əks halda təbii ki, bu kimi zəhərlənmələr olduqda bəzən daha ağır olur. Xroniki xəstəliyi olan insanlarda ölümlə belə nəticələnir", - deyə ekspert bildirdi.

Həmidə İBRAHİMLİ