"Məsələ burasındadır ki, onlar haqqın yoluna gəliblər" - Deputat

 11:52 26.10.2023     355

Xəbər verdiyimiz kimi, Rusiya Müdafiə Nazirliyi sülhməramlıların gündəlik fəaliyyəti ilə bağlı məlumatlarında Azərbaycan toponimlərindən istifadə etməyə başlayıb.

"2023-cü il sentyabrın 19-dan etibarən Rusiya sülhməramlılarının Ağdərə, Xocavənd, Xocalı və Şuşa rayonlarında səkkiz müşahidə məntəqəsi və 16 müvəqqəti müşahidə məntəqəsi bağlanıb. Sentyabrın 24-də Xankəndi şəhəri və ətraf ərazilərdə elektrik enerjisinin verilişi bərpa edilib", - deyə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Sülhməramlıların bu müsabət addımı ilə bağlı Milli Məclisin deputatı Elman Məmmədov Redaktor.az-a danışarkən bildirdi ki, proses bu cür də olmalıdır:

"Azərbaycan dövləti ərazisində adlar rəsmi olaraq müəyyən olunub. Hər bir dövlət  Azərbaycan ərazisində olan yer adlarını Azərbaycan qanunvericiliyində necə istifadə olunursa, o cür də verməlidir. Bu vaxta qədər ya qəsdən, bilərəkdən təxribat xarakterli, ya bilməyərəkdən təkcə Rusiya sülhməramlıları yox, eyni zamanda Rusiya Xarici İşlər Nazirliyi də, Rusiya rəsmiləri də "Dağlıq Qarabağ" "Stepanakert", "Martuni", "Mardakert" kimi terminologiyadan istifadə edirdilər. İndi məsələ burasındadır ki, onlar haqqın yoluna gəliblər. Qanun necədir, o cür də o adlardan istifadə edirlər. Düzdür, müəyyən fikirlər səsləndirilir, guya ki, sülhməramlılar, ya Rusiya Xarici İşlər Nazirliyi bunu ermənilərin acığına deyirlər. Ancaq qətiyyən belə deyil. Burada acıq filan məsələsi yoxdur. Azərbaycanın xankəndi şəhəri var, onlar da Xankəndi deməlidirlər. Azərbaycanda Xocavənd rayonu var Xocavənd deməlidirlər. Yəni bu müsbət bir haldır".

Humay İSGƏNDƏRLİ