İstilik mövsümü erkən başlaya bilər? - RƏSMİ AÇIQLAMA

 17:53 26.10.2023     368

Xəbər verdiyimiz kimi, "Azəristiliktəchizat" əhali istehlakçı qrupu ilə müqavilələrin bağlanmasına başlanılıb.

Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunan "İstilik enerjisindən istifadə qaydaları"na əsasən, istilik və isti su təchizatı xidmətləri enerji təchizatı müəssisəsi ilə istehlakçı arasında bağlanılan müqavilə əsasında həyata keçirilməlidir.

Bağlanan bu müqavilə nəyə xidmət edir?

Məsələ ilə bağlı Redaktor.az-a danışan “Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı bildirdi ki, Nazirlər Kabineti 5 sentyabr 2023-cü il tarixindən istilik enerjisindən istifadə qaydalarını təsdiq edib.

Onun sözlərinə görə, bu qaydaların müvafiq bəndinə əsasən, əhali istehlakçı qrupu ilə enerji təchizatı müəssisəsi arasında müqavilə imzalanmalıdır:

"Bu müqavilə birinci növbədə həmin əhali qrupunun öz maraqlarına uyğundur, çünki onların hüquq və vəzifələri, öhdəlikləri bu müqavilədə öz əksini tapır. "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları bir-bir mənzillərə gəlirlər. Onu da qeyd edim ki, 180 mindən çox mənzilə istilik veririk. Əməkdaşlarımız "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı olduğunu təsdiq edən vəsiqəni təqdim edir. Daha sonra mənzil sahibi də özünün şəxsiyyətini təsdiq edən sənədi və çıxarışın sürətini təqdim edir. Sonra müqaviləyə imza atılır.

Qeyd etmək istərdim ki, müqaviləyə imza atmadan istiliyi və yaxud isti su təchizatını davam etdirən şəxslər, həmin bu istilikdən, istisu təchizatından, istilik enerjisindən qeyri-qanuni istifadə etmiş hesab olunacaq. Belə olan halda həmin mənzilin istiliyi fərdi qaydada kəsilə bilər. Əgər mümkündürsə, axı bir çox hallarda mümkün olmur. Yəni birinin istiliyi kəsilsə, digərlərinin istiliyi kəsilə bilərsə, belə olan halda fərdi qaydada istilik kəsilmir və ən son mərhələ olaraq həmin mənzil sahibi barəsində məhkəməyə müraciət edilə bilər".

Qurum rəsmisi istilik mövsümünün tez başlayıb-başlamaması ilə bağlı onu da qeyd etdi ki, Azərbaycanın 14 dağ rayonunda istilik mövsümü noyabrın 1-dən başlayır:

"Yəni bir neçə gün sonra Azərbaycanın 14 dağ rayonlarında istilik mövsümü başlayacaq. Digərlərində isə əvvəl necə indi də elə, yəni respublikanın digər rayon və şəhərlərində isə 15 noyabrda başlayacaq. Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş tədbirlər planı var. Həmin o tədbirlər planına əsasən, məsələn, Energetika Nazirliyinə, İqtisadiyyat Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Azəristiliktəchizat Açıq Səhmdar Cəmiyyətinə öz təkliflərini hazırlamaq barəsində tapşırıqlar verilib və bu istiqamətdə işlər aparılır. Yəni, həmin o təkliflər hazırlanmalıdır, təqdim olunmalıdır. Sonra bəlli ola və qərar verilə bilər ki, mövsüm əvvələ çəkilə bilər yaxud bilməz və ya nə qədər çəkiləcək. Hal-hazırda yəni təkliflərin hazırlanması tapşırığı verilib.  Bu o deməkdir ki, bu il də əvvəlki illərdə olduğu kimi istilik mövsümü respublikada noyabrın 15-də başlayacaq".

Həmidə İBRAHİMLİ