“Mustafa Kamal Atatürk-2023” birgə taktiki təlimi Azərbaycan dövlətinin hərbi qüdrətini bir daha göstərdi - AÇIQLAMA

 15:01 27.10.2023     217

Oktyabrın 23-25–də Bakıda, Naxçıvan Muxtar Respublikası və azad edilmiş ərazilərimiz də daxil olmaqla bir neçə istiqamətdə Azərbaycan və Türkiyənin birgə hərbi təlimləri keçirilib.

Redaktor.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov Azərtaca-a açıqlamasında təlimlərin önəminə diqqət çəkərək deyib: “Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təlimi və bu qəbildən olan digər təlimlərin həm Azərbaycan, həm də Türkiyə ordusunun döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması, peşəkarlığının artırılması baxımından mühüm əhəmiyyəti var.

Məhz birgə təlimlər vasitəsi ilə ordunun döyüş hazırlığındakı bütün müsbət və mənfi nüanslar üzə çıxır. Təlimlər imkan verir ki, döyüş hazırlığındakı çatışmazlıqlar aşkarlansın və onların aradan qaldırılması istiqamətində konkret addımlar atılsın. Azərbaycan və Türkiyə hərbi-texniki təchizatına, habelə peşəkarlığına görə nəinki regionun, dünyanın ən güclü ordularındandır. İki türk dövlətinin birgə təlimləri hər iki ölkənin həm də siyasi-mənəvi baxımdan bir yerdə olduğunu göstərir. Bu baxımdan qardaş Türkiyənin 100 illiyinə həsr edilən təlimləri həm də Türkiyə və Azərbaycanın, bütövlükdə türk dünyasının dünyaya mesajı hesab etmək olar. Bu mesajın məğzi ondan ibarətdir ki, Azərbaycan və Türkiyə hər zaman olduğu kimi bu gün də bir yerdədir. Onların suverenliyinə, təhlükəsizliyinə təhdid təşkil edən bütün təhlükələrə birlikdə cavab verəcəklər”.

Polkovnik qeyd edib ki, təlimlərdə Azərbaycan Ordusunun Quru Qoşunları, Əlahiddə Ümumqoşun Ordusu, Hərbi Hava Qüvvələri, Raket və Artilleriya Qoşunları, Mühəndis Qoşunları, Xüsusi Təyinatlı Qüvvələr, həmçinin Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları və Türkiyə Silahlı Qüvvələrinin müvafiq qoşun növü mənsubları iştirak ediblər: “Təlimlərdə müxtəlif qoşun növləri iştirak edib ki, bu da onların geniş miqyasından xəbər verir. Bu kimi təlimlərin mütəmadi xarakter alması da təqdiredici haldır.

İstər Rusiya-Ukrayna müharibəsi, istərsə də Yaxın Şərqdə baş verən proseslər bir daha sübut edir ki, dünyada gücə, qüdrətli orduya daha çox ehtiyac var. Güclü ordusu olmayan dövlətlər öz haqlarını lazımınca müdafiə edə bilmirlər. Beynəlxalq hüquq belə onların pozulan haqlarını təmin etmir. Məhz buna görə güclü orduya malik olmaq ən əsas şərtlərdən biri, bəlkə də birincisidir. Azərbaycan və Türkiyənin müdafiə və təhlükəsizlik məsələlərinə diqqət yetirməsi, güclü ordu formalaşdırmaq istiqamətindəki davamlı addımları məhz bununla bağlıdır”.

Cəlil Xəlilovun sözlərinə görə, təlimin adı, habelə onun Türkiyənin 100-cü ildönümünə həsr edilməsi də qürur doğuran məqamlardandır: “Bu, hər şeydən əvvəl Türk dünyasının, eləcə də Azərbaycanın qardaş Türkiyəyə olan sevgi və ehtiramını əks etdirir. Azərbaycan Türkiyə üçün olduqca əlamətdar olan bir gündə və tarixdə, çətin günlərdə olduğu kimi xoş gündə də onunla birlikdədir.”.