"Azərbaycan etnik-milli və dini tolerantlıqla bağlı qlobal reytinqdə ön sıradadır” - Zahid Oruc

 14:02 30.10.2023     292

“Azərbaycan etnik-milli və dini tolerantlıqla bağlı qlobal reytinqdə ön sıradadır”.

Redaktor.az xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri, deputat Zahid Oruc Bakıda keçirilən "Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair hesabat"ın təqdimatında deyib.

Onun sözlərinə görə, “İrqçiliyə və Dözümsüzlüyə qarşı Avropa Komissiyası” ölkəmizlə bağlı dövri hesabatda qeyd edir ki, burada heç zaman irqi-milli, dini əsaslı cinayətlər olmayıb:

“Hətta otuz illik işğal dövründə, ermənilərə qarşı münasibətlə bağlı, Azərbaycanda əhəmiyyətli tolerantlıq mövcuddur. Bəs nifrət dili ilə mübarizə necə olmalıdır? Müasir dövrdə bir sıra ölkələrdə nifrət dilini məhdudlaşdıran qanunvericilik mövcuddur".

STM rəhbəri bildirib ki, Azərbaycanda ayrıca hüquqi akt olmasa da, nifrət cinayətlərinə aid əməllərlə ciddi mübarizə aparılır.

“Ölkəmizdə milli-dini-irqi ayrı-seçkiliyə görə qanunverici əsaslar mövcuddur. Ümumdünya İnsan Haqları Bəyannaməsinin 19-cu maddəsi hər kəsin fikir və ifadə azadlığını tanısa da, nifrət təhriki qadağan olunur. Habelə BMT çərçivəsində nifrət nitqinə qarşı qəbul edilən “Rabat Fəaliyyət Planı” da əhəmiyyətli hüquqi platformadır. Hər il 18 iyun-nifrət dili ilə mübarizə günüdür”, - deyə Z.Oruc qeyd edib.