"Nəinki Qərbi azərbaycanlılar, istənilən şəxs gedib orada yaşaya bilər" - Xankəndinin keçmiş deputatı

 17:45 01.11.2023     500

"Mənə belə gəlir ki, Qərbi azərbaycanlılar öz torpaqlarını istəyirlər. Qərbi azərbaycanlıları Ermənistan dövləti Zəngəzura qaytarsın. Necə ki, Qarabağdan köçən ermənilər də  Qarabağa qayıda bilərlər. Bu da uzun məsələ olacaq. Əsas sülh danışıqlarından asılıdır. Mən oxuyuram ki, Zəngəzur bölgəsində kəndlər boşalır, ermənilər çıxırlar, yaşayış səviyyəsi aşağı olduqlarına görə yaşaya bilmirlər. Belə məsələlər də var. Bəlkə də fikirləşirlər ki, Qərbi azərbaycanlılar çox fəaldır, indi hər yerdə öz təkliflərini irəli sürürlər".

Bu sözləri Redaktor.az-a açıqlamasında Xankəndinin sabiq millət vəkili, Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik-leytenant Şirin Mirzəyevin xanımı Flora Qasımova Qərbi azərbaycanlıların Xankəndiyə köçməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, qətiyyətli addımlar var:

"Əgər onlar Qərbi azərbaycanlıları, öz torpaqlarına qaytarmaq istəməsələr, hamısı keçsinlər Xankəndində yaşasınlar. Onsuz da onları Ermənistandan gələndə Qarabağda yerləşdirməyə çalışırdıq. Bizim rəhbərlik o vaxtı zəiflik göstərdi. Əslində o vaxt gərək onları Qarabağda yerləşdirərdik. İndi vəziyyət belədir. Bu qərarı dövlət səviyyəsində həll etmək lazımdır. Xankəndi boş qalmayacaq. Ermənilər də öz qərarlarını versinlər. Sülh danışıqlarından da çox şey asılıdır. Onlar həmişə deyirdilər ki, biz türklərlə yaşamaq istəmirik, yaşamaq istəmirlərsə getsinlər. Nəinki Qərbi azərbaycanlılar, istənilən şəxs gedib orada yaşaya bilər. Azərbaycan vətəndaşı deyil? Sərbəst surətdə Azərbaycan ərazisində harada istəyir yaşaya bilər".

Həmidə İBRAHİMLİ