"Yanvar ayında, uzağı Novruz bayramında Xankəndidə tonqallarımızı qalayacağıq" - AÇIQLAMA

 13:13 02.11.2023     2070

"Xankəndidə başqa rayonlara baxanda, dağıntı az olub. Əsasən Kərkicahan qəsəbəsində olub. Ermənilər çıxanda əşyalarını evlərində qoyub gediblər. Qapısını bağlayan da olub. Bağlamayanlarını da hətta bizimkilər açarla bağlayıb. Ona görə də hələlik mən sizə dəqiq tarix deyə bilmərəm".

Bu sözləri Redaktor.az-a açıqlamasında Xankəndinin sabiq millət vəkili, Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik-leytenant Şirin Mirzəyevin xanımı Flora Qasımova vaxtilə Xankəndidən köçkün düşmüş azərbaycanlıların doğma şəhərlərinə nə vaxt qayıdacaqları barədə danışarkən deyib.

Keçmiş deputatın sözlərinə görə, daha çox dağıntıya məruz qalan Kərkicahan qəsəbəsinə indi də köçürmə etmək olar:

"Amma o dağılmış evləri bərpa etmək lazımdır. Bu da müəyyən qədər vaxt aparacaq. Belə tezliklə inanmıram. Bir də orada yeni tikilən yüksək mərtəbəli binalar var. O binalarda hələ heç yaşayış da olmayıb. Bu qərarı yəqin ki, əlaqədar təşkilatlar fikirləşib verərlər. O binalara da azərbaycanlıları köçürmək olar. Amma indi eləsi var ki, öz evini istəyir. Çünki Xankəndinin özündə yaşayış olub deyə evlər dağıdılmayıb",- o, qeyd etdi.

Mövzu ilə bağlı danışan “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva isə ilk öncə torpaqlarımızın azad olunmasına görə göz aydınlığı verdi:

"Demək olar ki, bütün torpaqlarımız azad oldu. Artıq bizim ərazi bütövlüyümüz bərpa olundu və ocaq harada yanmışdısa, orada da söndürüldü.  Biz 35 ildir məcburi köçkün həyatı yaşayırıq. 35 il sırf şəhər əhalisi və 31 ilə yaxın da Kərkicahan qəsəbəsinin sakinləri... Biz 35 ildir ki, o dönüşü gözləyirik. Bəzən işlədiyimiz idarələrdə, görüşdüyümüz insanlar hardasa inamsız yanaşırdı ki, köçkünlər şərəhə gəliblər, Bakıda yaşayırlar köçməzlər.  Amma bir şeyi unudurdular ki, biz heç nəsiz torpaqlarımızı tərk etdik. Erməni maşında oturdu, bizimkilərin müşayiəti ilə maşınla təhlükəsiz tərk etdi, getdi. Günün günorta çağı, gözəl hava şəraitində, suyla, çörəklə, istirahətlə köçüb getdilər. Bu, bütün dünyaya bir mesaj idi. Bu, bizim tolerantlığımızın, bizim humanistliyimizin bir mesajı idi.

Amma biz necə çıxdıq? Kərkicahan, Xankəndi sakinləri necə çıxdı? Evlər dağıdıldı, yandırıldı. 50 nəfərlik bir binada yeddi azərbaycanlı yaşayırdı. Amma buna baxmayaraq biz gözləyirdik, çünki inanmırdıq. Qanı, canı o torpaqla yoğrulmuş insan inana bilməz ki, mən buradan gedə bilərəm. Çünki ora gəlmə deyildik. Qarabağ bölgəsi sırf azərbaycanlıların ilk yaşadığı, məskunlaşdığı torpaq olub deyə, buna 100 faiz əmin idik ki, biz burdan çıxmayacağıq. Amma 1988-ci ilin noyabrında çıxarıldıq. Şəhər əhalisi Xocalıya, Şuşaya, Kərkicahana, Ağdama, ətraf rayonlara getdilər ki, biz geri dönməliyik. Dövlət bizə geri dönməyə dəstək olmalı idi. Lakin bu dəstək göstərilmədi, şəhər əhalisi çıxmağa məcbur qaldı".

X.Vəliyeva qeyd etdi ki, onlar hər zaman geri qayıdacaqlarına inanıblar:

"Amma geci-tezi var. 2016-cı ildə olan Aprel zəfəri və sonra 2020-ci ildə olan döyüşləri. 44 günlük qələbəmizdə bilirdik ki, Şuşa alındısa, Xankəndi də alınacaq. Xankəndi Şuşanın aşağı hissəsindədir. Yuxarıdan baxanda tam Xankəndi ovuc içi kimi görünür. Amma zamana ehtiyac var idi. Son sentyabrın 19-da olan hadisələr və ermənilərin özləri maşınlara doluşaraq getməkləri elə bil nağıl idi. Bu gün bizə köç desələr, biz bu gün köçməyə hazırıq. Hətta dəfələrlə "Qaçqınkom"da bizim əhali ilə birlikdə cənab komitə sədri Rövşən Rzayevin görüşü olub. Bizə hər görüş stimul verir ki, qayıdacağıq. Hardasa 100 faiz iş gedir ki, bizim əhalinin geri dönüşü olsun. Amma öncə şəhər təmizlənməlidir.  Xankəndidə evlər hamısı yerindədir, heç nə dağıdılmayıb. Çox evlər tikilib, artırılıb, yəqin ki, video görüntülərdə görürsünüz. Amma Kərkicahanda 90 ev salamatdır. Orada evlər çox dağıdılıb. Şuşaya olan tərəf evlər tam xarabazarlıqdır. Amma o sağlam olan evlərə köç olacaq".

Birliyin sədri onu da vurğuladı ki, onlar dövlət başçısının əmrini gözləyirlər:

"Ölkə başçısının köçlə əlaqəli konsepsiyasını gözləyirik. Köç olacaq. Dəqiq deyə bilmərəm. Yəqin ki, yanvar ayında, uzağı Novruz bayramına artıq biz orada tonqallarımızı qalayacağıq. Mənə elə gəlir ki, Novruz bayramında biz Xankəndidə olacağıq. Necə ki, hər zaman qadağan olunmuş bir bayramı orada, ermənilərin tam ortasında Novruz bayramını keçirmişik, tonqalları qalamışıq. İndi də tonqal ətrafında hamının iştirakını gözləyirik. Mən İctimai Birlik sədri olaraq, Xankəndi sakini olaraq sırf öz xankəndililərimiz adından deyirəm ki, 100 faiz geri qayıdışa hazırıq.

Bir gün axşam zəng olunsun ki, səhər saat 9-da orada olun! Sırf evinə, torpağına getmək üçün  heç kəs heç nə götürəsi deyil. Hətta mənim çıxışım da var idi ki, əgər ermənilər Xankəndini tərk etməsə, biz məktəbimizdə yaşamağa hazırıq. Amma elə alındı ki, ermənilər tam getdi və evlər boşdur. Bu məsələ dövlətlərarası sazişlə həll olunacaq. Biz də evlərimizi qoyub gəlmişdik. İndi gözləyirik, nə vaxt qərar verilsə, həmin gün tam hazırıq".

Həmidə İBRAHİMLİ

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "işğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış" mövzusunda dərc olunub.