"Əgər bu fakt gerçəkdirsə, Ermənistan düzgün yol götürmək barədə düşünür" - Deputat

 12:04 02.11.2023     299

Xəbər verdiyimiz kimi, Ermənistanda yeni dərc olunan “Tarix” dərsliyində Qarabağ Azərbaycanın tərkib hissəsi kimi göstərilib.

Bu barədə “Armenia Today” məlumat yayıb. Məlumatda qeyd olunur ki, 7-ci sinif üçün yeni tarix dərsliyində Qarabağ Azərbaycanın tərkibində göstərilib.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Musa Qasımlının sözlərinə görə, əgər mediada bu barədə verilən xəbər doğrudursa, bu o deməkdir ki, Ermənistan hakimiyyəti gerçəkliyi və tarixi həqiqətləri qəbul edir:

"Çünki hər bir ölkədə, o cümlədən Ermənistanda da təhsil dövlət siyasətidir. Təhsildə də önəmli vasitələrdən biri dərslikdir. Əgər dərsliklərdə, Qarabağın Azərbaycanın tərkibində olması yazılıbsa, bu o deməkdir ki, gələcək nəsillər şovinizmdən, qisasçılıqdan bir qədər uzaq olacaq. Düşünürəm ki, əgər bu fakt gerçəkdirsə, Ermənistan düzgün yol götürmək barədə düşünür. Onun üçün ən yaxşı yol Azərbaycana qarşı əsassız ərazi iddialarından imtina etmək və mehriban qonşular kimi yaşamaqdır. Hesab edirəm ki, bunun ardınca Ermənistanda tarixçilər, siyasətçilər və siyasətşünaslar yazılarında Azərbaycana qarşı əsassız ərazi iddialarından, böhtanlardan və uydurmalardan da imtina etməlidir".

Humay İSGƏNDƏRLİ