"Xankəndidə keçiriləcək parad, beynəlxalq qurumlara ciddi bir mesajdır" - Elman Məmmədov

 11:56 02.11.2023     484

"İşğalçı Ermənistan dövlətinin rəhbərliyi ilə separatçılar hər il Şuşanın işğal günündə Şuşada və Xankəndidə parad keçirirdilər. İndi biz işğalçıları, separatçıları, terrorçuları ərazimizdən tər-təmiz təmizləmişik. Azərbaycan özünün suverenliyini, müstəqilliyini tam formada təmin edib".

Bu sözləri Redaktor.az-a açıqlmasında Milli Məclisin deputatı Elman Məmmədov Zəfər Gününün Xankəndi şəhərində keçirilməsinə münasibət bildirərkən deyib:

"44 günlük müharibədə qazandığımız şanlı qələbəmizi bu il birinci dəfə Xankəndidə hərbi paradla qeyd edəcəyik. Bu, tək ermənilərə yox, uzun illər ərzində erməniləri müdafiə edən, erməniləri dəstəkləyən ermənipərəst dövlətlər və müxtəlif beynəlxalq qurumlara da bir zərbədir. Eyni zamanda, ciddi bir mesajdır ki, bu torpaqların sahibləri bizik, bu torpaqlar bizim doğma tarixi torpaqlarımızdır. Biz gəlmişik, buradayıq, burada da paradımızı keçiririk. Bu parad bizim qələbəmizin təntənəsidir. Bu qələbə münasibətilə keçiriləcək parad Azərbaycan xalqının sarsılmaz iradəsinin nəticəsidir. Cəsarətinin, qətiyyətinin, qəhrəmanlığının nəticəsidir. Azərbaycan xalqına, dövlətinə rəhbərlik edən cənab Prezidentimizin, müzəffər Ali Baş komandanımızın, qalib ordumuzun təntənəsi, qalibiyyət paradıdır. Yəni mən hesab edirəm ki, bütün dünya azərbaycanlılarına, türk dünyasına qürurverici, sevinc, qələbə paradıdır. İnşallah hamımız onu seyr edəcəyik. Qürur duyacağıq, sevinəcəyik, düşmənlərimizə də gözdağı verəcəyik",- deyə deputat E.Məmmədov qeyd etdi.

Həmidə İBRAHİMLİ