Bəzi insanlar dünyaya qəhrəman olmaq üçün gəlib

 15:20 02.11.2023     540

Biz son 3 ildə ölkə olaraq qarışıq hisslər içində yaşadıq. Vətən üçün sevindik, amma ağladıq da, çünki uğrunda döyüşdüyü vətənin əbədi parçası olub, bizdən ayrılan igidlərimizin yoxluğunu dərk etmək asan deyildi. Bəlkə də müharibəyə bu cür yanaşmam Əkrəmin timsalında heç bir igidimizin bəyənəcəyi tərz deyil. Mənim kimi insanların isə onların yoxluğunu adi qarşılaması mümkün deyil. Əkrəm mənim qohumum olub, ancaq mən onu nə ad günlərində, nə də şəkillərdə görmüşəm. Şəhid olandan sonra anladım ki, vətəni üçün yaşayan insanlar bütün xoş günləri vətəninin böyük parçası hesab etdiyi əsgərləri ilə qeyd edir, bütün şəkilləri də elə həmin əsgərlərin ətrafında olur. 

Haqqında çox az şey bildiyin, lakin bütün həyatını vətəninə həsr edən insanlar haqqında yazmaq çox çətin gəlirdi. Amma bu gün Əkrəm haqqında düşünəndə bu fikrin yanlış olduğunu anlayıram. Bir insanla bağlı konkret fikrə sahib olmaq üçün onu tez-tez görməyə ehtiyac yoxdur, bəzən o insanı illərdir görməməyinin səbəbini də axtaranda onun necə biri olduğu haqqında fikirlərin formalaşır. Əkrəm əsil hərbiçi kimi hərbi həyatı haqqında heç kəsə bir kəlmə də demirdi, biz onun Polkovnik olduğundan tutmuş, onun əsgərləri ilə münasibətini belə şəhid olduqdan sonra öyrəndik. Əkrəm özü kimi əsl vətənpərvər, bayrağına sadiq bölük-bölük çox igid yetişdirmişdi. Ətrafımda tanıdığım insanlar belə var idi, o igidlərin içində. Bu səbəbdən də mən ilk dəfə Əkrəm haqqında nə anamdan, nə də başqa qohumumdan yox məhz onlardan eşitdim. Çünki Əkrəm övladlarından çox onların yanında olurdu, onlarla birlikdə bayramlar keçirir, birlikdə sevinir, birlikdə də döyüşürdü. 

Əkrəm Şadmanov son döyüşlərdə - anti-terror əməliyyatı zamanı minaya düşərək şəhid olub. Bu xəbəri ilk sosial mediadan oxusam da jurnalistikanın öyrətdiyi prinsiplərə əsasən soyuqqanlılığımı qorumağa çalışıb, rəsmi xəbər gözləyirdim. Düzdür biz Əkrəmi çox az görmüşdük, amma İkinci Qarabağ müharibəsində iştirakı haqqında da çox oxumuşdum. Özü yox, əsgərləri danışırdı həmişə, bu dəfə də elə oldu rəsmi xəbərdən əvvəl Əkrəmin silah yoldaşlarının yazılarını gördüm. Hər şey təkrarlanırdı, onların Əkrəm haqqında dedikləri hər söz sanki qəhrəman haqqında bir kitabdan hissə idi. Amma bu dəfə son cümlələrdə təəssüflük, ürək ağrısı, heç nə edə bilməməyin acizliyi də var idi. Əsgərlərinə, ailəsinə həmişə dayaq olan, bizim indiyə qədər çox az gördüyümüz qəhrəman, artıq əbədi aramızdan ayrılmışdı. İndi başa düşürdüm ki, onun ən xoş günlərdə ətrafımızda olmaması vətən üçün idi, o bütün həyatını vətənə vermişdi, indi o vətənin bir parçasına çevrildi. 

Əkrəmi az tanısam da bilirdim ki, o evdə övladlarına, səngərdə əsgərlərinə nümunə idi. Çünki o, dünyaya qəhrəman olaraq gəlmişdi. 

Buddizim inancına görə biz indiki həyatımızdan əvvəl də, sonra da var olmuşuq və var olacağıq. Eyni zamanda bu inanc deyir ki, insan indiki həyatının müxtəlif mərhələlərində də fərqli həyat yaşayır. Yaşadıqca öyrənir və həyata qarşı baxış bucağı dəyişir, beləliklə yeni həyata keçid edir, yaşadığı həyatın müxtəlif pilləsində fərqli məqsədlər, fərqli istəklər içində olur. Düzü bu çoxumuzun həyat praktikasında özünü doğruldur, ancaq Əkrəm Şadmanov, Polad Həşimov kimi insanlar dünyaya bir amal üçün gəlir - qəhrəman olmaq. Bütün ömür boyu nəticədən aslı olmayaraq da bu amal davam edir. Əkrəm haqqında oxuduğun ilk yazılardan biri də məhz bu cür idi, “Polad Həşimovdan sonra yeri dolmayacaq bir şəxsi də itirdik”. Mən bu cümlənin mahiyyətini gün keçdikcə daha yaxşı anlayıram, çünki əsgərlərindən fərqli olaraq bizim Əkrəmi tanımağımız onun ölümündən sonra başldı və belə də davam edəcək. Aldığı saysız medal, fəxri fərmanlarla tanımağa çalışırıq onu, halbuki özündən, illərdir ömrünü verdiyi vətəni haqqında eşitmək istərdik. 

Qəhrəmanlar göydəki ən parlaq ulduzlara bənzəyir, milyonlarca digər ulduz içində seçə bildiyimiz, amma nadir olan işıq kimidilər. Uzaqda olsalar da biz onları görə bilirik, Əkrəm də indi ən parlaq ulduzdur, onu tək əsgərləri, ailəsi deyil, artıq hər kəs görür, o bizim ən uca bildiyimiz yerdə heç vaxt sönməyən işığa çevrilib. 

Arifə Kərimzadə

2222