"Vəsiqələrdə tarixi torpaqların adlarının qeyd olunması toponimlərimizin bərpasıdır" - Əziz Ələkbərli

 15:52 02.11.2023     516

Bildiyimiz kimi, bu il ilk dəfə olaraq "ASAN xidmət" xətti ilə Qərbi Azərbaycandan olan şəxslərə şəxsiyyət vəsiqəsi verilərkən onların doğulduğu ərazilər öz adları ilə göstərilir. 

Bəs, şəxsiyyət vəsiqələrində qeyd olunacaq rayonların adlarının siyahısı varmı? 

Məhz yer adının dəyişməsinə görə, vəsiqəsini dəyişmək istəyi ilə bağlı Qərbi Azərbaycan İcmasına hər hansı müraciət daxil olubmu?

Bununla bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli dedi ki, təbii ki, siyahı var.

"Bu siyahılar müvafiq dövlət qurumlarına təqdim olunub və bu məsələdə artıq konkret addımlar atılıb. İstənilən vaxt bu siyahıları İcmadan əldə edə bilərsiniz. Əgər yadınızdadırsa, tarixi ərazilərimizin ermənilərin qoyduğu uydurma adlarla yox, öz əsl adları ilə adlandırılması məsələsi ilk dəfə 2021-ci ildə Kəlbəcərə səfəri zamanı, Ömər aşırımı qarşısında möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən səsləndirildi və artıq həyata keçirilir". 

Vəsiqənin dəyişdirilməsi isə fərdi məsələdir:

"Təbii ki, biz bunun qeydiyyatını aparmırıq. Yəqin ki, müvafiq qurumlara müraciət olunur. Əsas odur ki, tarixi torpaqlarımız olan Qərbi Azərbaycanda toponimlərimizin bərpası uğrunda mübarizədə ilk addımlarımız atılır və bu, Azərbaycanda dövlət səviyyəsində dəstəklənir".

Humay İSGƏNDƏRLİ