"Ermənilər bunun cavabını verməlidir” - Elman Cəfərli

 17:29 04.11.2023     393

“Ermənilər Qarabağ və Şərqi Zəngəzurun tarixini saxtalaşdırmaq üçün hər vandallığa gedir, müsəlman türklərə-azərbaycanlılara aid tarixi abidələri məhv edir, qəbiristanlıqları dağıdırdılar. Tarixi daşları, kitabələri saxtalaşdıraraq erməniləşdirirdilər. İndiyə qədər dəyəri milyonlarla ölçülən nadir tarixi əşyalar oğurlanaraq xarici kolleksionerlərə satılıb. İşğal dönəmində Qarabağda tarix və mədəniyyət abidələrinin bir qismi - islam dini abidələri, yəni məscidlər, inanc yerləri, pirlər, qəbrüstü abidələr və qəbristanlıqlar ermənilər tərəfindən dağıdılsa da, digər qism abidələr qaya təsvirləri, mağaralar, sujet xarakterli oymalar, kurqanlar, istehkamlar, qalalar və xristianlıq dövrü memarlıq abidələri hələ də öz mövcudluqlarını qoruyub saxlayırlar".

Bu sözləri Redaktor.az-a açıqlamasında “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli ermənilərin işğaldan azad olunmuş torpaqlarımızda törətdikləri ekoloji fəlakətdən danışarkən deyib.

Onun sözlərinə görə, 30 il ərzində su resurslarımız ciddi şəkildə çirkləndirilib:

"Araz, Oxçuçay, Bərgüşad, Həkəri, Arpaçay, hətta dolayısı ilə Kür çayı Ermənistanın dağ-mədən sənayesinin tullantı suları ilə çirkləndirilib. Çaylarımızın Ermənistanın konkret hansı müəssisələri tərəfindən çirkləndirilməsi peyk məlumatları vasitəsilə dəqiqləşdirilib. Bununla bağlı hesabat da dərc olunub. Qiymətli meşə zolaqları, o cümlədən Zəngilandakı nadir çinar meşələri talanıb, məhv edilib. 44 günlük müharibə zamanı Şuşa yaxınlığında topxana meşəsinə fosforlu bomba atılmış, nəticədə xeyli sayda ağac məhv olmuşdu.

2020-ci ilin 10 noyabr sazişinə əsasən Laçını, Kəlbəcəri tərk edən ermənilər meşələri kütləvi şəkildə və barbarlıqla yandırırdılar. İşğal dönəmində Kəlbəcərin Zod, Ağdərənin Qızılbulaq və Dəmirli qızıl mədənləri talanıb. Ermənistan və özünü buraxmış terrorçu rejim həmin mədənlərdən milyonlarla dollar vəsait əldə edib. Ermənistan işğal dövründə təqribi hesablamalara görə, Qarabağ və Şərqi Zəngəzur ərazisinə 1.5 milyondan çox piyada və hərbi texnika əleyhinə mina basdırıb. Minalarla çirkləndirilmiş torpaqların təmizlənməsi külli miqdarda vəsait tələb edir. Düşmənin basdırdığı minalaran partlaması nəticəsində neçə-neçə hərbçimiz, mülki vətəndaşlarımız həlak olub, əlil olub, fiziki xəsarətlər alıb. Bu azmış kimi heyvanlar belə bu gün də ermənilərin mina terrorunun qurbanına çevrilirlər". 

E.Cəfərli onu da qeyd etdi ki, 30 illik işğal dövründə Ermənistanın Azərbaycan iqtisadiyyatına, ekosisteminə vurduğu ziyan ölçüyəgəlməzdir:

"Hələ 2013-cü ildə Azərbaycan Respublikasının Qiymətləndiricilər Cəmiyyəti ilkin hesablama aparmışdı. İşğal dövründə ölkəmizə vurulan zərər və mənəvi itkilər təsnifatı üzrə hesablanmışdı. 2023-cü ilin 19 sentyabrında ordumuzun apardığı lokal anti-terror əməliyatlarından sonra Azərbaycanda “boz zona” qalmadı. Qarabağ iqtisadi rayonunun Xankəndi, Ağdərə, Əsgəran, Xocavənd, Xocalı rayonları da işğaldan azad edildi. Əslində itkilərin genişmiqyaslı hesablaması bundan sonra aparılmalıdır. Aiddiyati sahələr üzrə nazirliklər yəqin ki, hesablama aparırlar. Nəticələr bəlli olduqda bu barədə beynəlxalq təşkilatlara müraciət edilməlidir. Nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri, ekoloqlar bölgəyə dəvət edilməli, erməni barbarlığını öz gözləri ilə görməlidirlər. Bundan sonra təbii ki, faktları beynəlxaq məhkəməyə təqdim etmək lazımdır. Son 30 ildə Ermənistan təkcə Azərbaycanın yox, Cənubi Qafqazın, bütövlükdə planetimizin ekosisteminə ciddi ziyan vurub. Bunun cavabını verməlidir”.

Həmidə İBRAHİMLİ