“Paytaxtımızda vəziyyət nəinki qaneedici deyil, bərbaddır” - Deputat
Millət vəkili Fazil Mustafa ölkədə sığınacaqların yaradılmasının vacibliyindən danışıb.
Redaktor.az-ın məlumatına görə, deputat qeyd edib ki, sığınacaqlar məsələsinə mütləq baxılmalıdır:
“Bu gün İsrail və Fələstin arasında müharibə gündəmdədir, hava bombaları atılır. Biz bundan sığortalanmamışıq. Ona görə də sığınacaq məsələsinə baxmalıyıq. Yeni tikililərdə, köhnə tikililərdə zirzəmilərə su yığılır. Zirzəmilər təmizlənməli, onların sığınacaq kimi fəaliyyət göstərməsi təmin edilməlidir”.
Fazil Mustafa ciddi problemə toxunub.
"Hava bombalarının başımıza düşəcəyi inandırıcı olmasa da (amma əlbəttə, hazırkı dünyada heç nə istisna deyil), zəlzələ, təbii fəlakətlər və ya insan amilinin törədə biləcəyi fəlakətlər zamanı əhalinin sığınması üçün xüsusi məkanlar mütləq olmalıdır. Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələ bu reallığı çılpaqlığı ilə ortaya qoydu. Faktiki olaraq insanlar yıxılan binaların altında qaldılar. Bu isə binaların tikintisi zamanı normativlərin pozulması, ara məsafələrin gözlənilməməsi, binaların bir-birinə hədsiz sıx tikilməsi, yaşayış binalarının zirzəmilərinin əsas funksiyadan yayındırılaraq başqa məqsədlər üçün istifadə olunması, binaların ətrafında geniş ərazilərin, park və yaşıllıqların olmaması səbəbindən baş verdi. Paytaxtımızda vəziyyət nəinki qaneedici deyil, bərbaddır. Binalar sanki özüllər üzərində deyil, bir-birinə söykənərək dayanıblar. O dərəcədə biri-birinə yaxındırlar ki! Həyətyanı sahədən, bina ətrafında geniş, açıq ərazilərdən, parklardan söhbət belə gedə bilməz. Mənzillərin qapısı az qala birbaşa küçəyə açılır. Yəni bununla demək istəyirlər ki, gördünüz zəlzələdi, ya başqa fövqəladə hadisə, qaçın küçəyə! Amma küçədə başqa binalar da var. Bəs onlar sakinlərin üzərinə yıxılmayacaq?!", - deyə millət vəkili bildirib.