"UNESCO-nun rəhbərliyi bizə rəsmi cavab vermək məcburiyyətində qaldı" - Deputat

 11:07 06.11.2023     466

Azərbaycanda mədəni irsin qorunması, öyrənilməsi və təbliğ edilməsi artıq bir ənənəyə çevrilib. Biz bu ənənənin ən bariz nümunəsini Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin hələ ilk mərhələsində görürük. Onun elm, ədəbiyyat, mədəniyyət xadimlərinə diqqət və qayğısı hamımızın yadındadır. Məhz o böyük Şəxsiyyətin diqqət və qayğısı sayəsində 1970-ci illərdə Azərbaycanın kino, teatr, musiqi sənəti çox böyük inkişaf yolu keçib, ədəbiyyat və incəsənət xadimlərimiz ali dövlət mükafatlarına layiq görülüb. Hakimiyyətinin ikinci dövründə də Ulu Öndərin bu siyasətinin şahidi olmuşuq.

Redaktor.az xəbər verir ki, bu sözləri Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, deputat Əziz Ələkbərli  “Qərbi Azərbaycana Qayıdış: Tarixi torpaqlarda maddi-mədəni irsimiz” kitabının təqdimatında çıxışı zamanı deyib.

Prezident İlham Əliyev də bütün sahələrdə olduğu kimi, bu sahədə də Ulu Öndərin siyasətini uğurla davam etdirib.

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın istər Azərbaycan Mədəniyyətinin Dostları Fondunun, istərsə də YUNESCO və İSESCO-nun xəttilə Azərbaycanın maddi və qeyri-maddi mədəni irsinin dünyaya tanıdılması istiqamətindəki möhtəşəm fəaliyyəti isə hər kəsə məlumdur.

Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsi nəticəsində Qarabağ məsələsi tarixin arxivinə göndərildikdən sonra cənab Prezidentin keçən il dekabrın 24-də Qərbi Azərbaycan İcmasındakı çıxışı zamanı Azərbaycanın Qarabağ münaqişəsindən sonrakı dövr üçün yeni hədəflərini açıqladığı Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında tarixi torpaqlarımızdakı Azərbaycan mədəni irsi məsələsi xüsusi yer tutdu. Bu konsepsiyada İcmanın bu sahədəki vəzifəsi aydın şəkildə elan edildi:

İcma BMT-nin ixtisaslaşmış qurumlarının iştirakı ilə Ermənistan ərazisində azərbaycanlılara məxsus mədəni irsin vəziyyətinin dəyərləndirilməsinə, o cümlədən, zərər vurulmuş və yer üzündən silinmiş mədəni irs nümunələrinin siyahısının hazırlanmasına və Ermənistan hökumətinin onları bərpa etmək və qorumaq öhdəliyini icra etməsinə nail olmaq üçün səy göstərəcək.

 

Və bu gün təqdimatına toplaşdığımız “Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi mədəni irsimiz” kitabı Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının icrası yolunda irəliyə doğru atılmış növbəti addımdır. Mən bu addıma görə kitabın müəllifi hörmətli Əfqan müəllimə və xüsusilə layihə rəhbəri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, deputat həmkarım, hörmətli Zahid müəllimə öz dərin təşəkkürümü bildirirəm.

Niyə hörmətli Zahid müəllimə xüsusi təşəkkür edirəm? Ona görə ki, mən bilirəm ki, Zahid müəllim bu kitabın işıq üzü görməsi və bugünkü təqdimatın belə yüksək səviyyədə keçirilməsi üçün necə can yandırıb.

Və yadıma 20 il əvvəl eyni mövzudakı “Qərbi Azərbaycan abidələri” kitabımın taleyi gəlir. 2004-cü ildə tamamladığım və Qərbi Azərbaycandakı 134 abidənin 207 görüntüsünü və hər abidə haqqında Azərbaycan və ingilis dillərində qısa oçerklər daxil etdiyim həmin kitabı nəşr etdirə bilmək üçün düz iki il müraciət etmədiyim ünvan qalmadı və ancaq iki il sonra o kitabı nəşr edə bildim.

Bir il sonra isə yalnız o vaxtkı Mədəniyyət nazirinin müavini, hörmətli Ədalət Vəliyevin təşəbbüsü və böyük zəhməti ilə “Qərbi Azərbaycan abidələri” kitabı daha mükəmməl variantda – 162 abidənin 239 görüntüsü ilə beş dildə nəşr olundu. Lakin o vaxt mən ancaq şəkillərini əldə edə bildiyim abidələri kitaba daxil etmişdim. Halbuki Qərbi Azərbaycan ərazisində bundan dəfələrlə çox şəkillərini əldə edə bilmədiyimiz arxeoloji, dini, hərbi, mülki abidələr vardı. Bundan əlavə, hər mahalda, kənddə pirlər, ocaqlar, məscidlər, qəbirüstü abidələr, türbələr mğvcud olub ki, onların əksəriyyətinin görüntülərini, ümumiyyətlə əldə etmək mümkün deyil. İki il əvvəl bu gün təqdimatına toplaşdığımız bu kitabın 1-ci cildini hazırlayanda Əfqan müəllimlə biz estünlüyü şəkillərini əldə edə bilmədiyimiz həmin maddi mədəni irs nümunələrimizə verdik. Daha sonra Əfqan müəllim bu işi uğurla davam etdirdi və bu gün artıq biz bu kitabın 2-ci cildinin təqdimatına toplaşmışıq.

Bu kitabın bir tarixi əhəmiyyəti də ondadır ki, Qərbi Azərbaycan İcması olaraq biz UNESCO-nun diqqətini indiki Ermənistan ərazisindəki Azərbaycan mədəni irsinin dağıdılmasına cəlb edirik və təqdimatına toplaşdığımız bu və bu kimi kitablar bizi yeni fakt və sübutlarla silahlandırır.   

 

Xatırladım ki, bu il martın 27-də Qərbi Azərbaycan İcmasının rəhbərliyi və Qərbi Azərbaycandan olan ziyalıların, mədəniyyət və incəsənət xadimlərinin, şair və yazıçıların bir qrupu UNESCO-ya müraciət edərək, indiki Ermənistan ərazisində Azərbaycan mədəni irsinin kütləvi dağıdılması faktlarına diqqəti çəkmiş və bu sahədə vəziyyətin qiymətləndirilməsi üçün Ermənistana faktaraşdırıcı missiyanın göndərilməsini xahiş etmişdi. Mayın sonlarında bizim bu müraciət BMT-nin rəsmi sənədi kimi, BMT-nin bütün rəsmi dillərində (ingilis, fransız, rus, çin, ərəb və ispan) yayıldı. Və UNESCO-nun rəhbərliyi bizə rəsmi cavab vermək məcburiyyətində qaldı.

Bu il sentyabrın 5-də isə UNESCO-dan İcmaya artıq ikinci rəsmi cavab gəlib və UNESCO İcmaya cavab məktubunda mədəni irsin qorunması sahəsində İcmanın çağırışına uyğun olaraq müvafiq addımlar atacağını bildirib.

Hazırda Qərbi Azərbaycan İcması Ermənistandakı Azərbaycan mədəni irsinin qorunması ilə bağlı imkanlarının artırılması, o cümlədən müasir metodologiya əsasında mədəni abidələrin reyestrinin aparılması, onların vəziyyətinin qiymətləndirilməsi və bərpası üçün lazım olan addımların müəyyənləşdirilməsi üçün UNESCO ilə praktiki əməkdaşlığı davam etdirir.

Və bütün bunlar təqdimatına toplaşdığımız “Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi mədəni irsimiz kitabının elmi dəyəri ilə yanaşı, siyasi-ideoloji əhəmiyyətini də təsdiq edir. 

NƏRGİZ