"Bu gənclik son 20 ildə formalaşdı" - Deputat

 17:39 06.11.2023     542

"Mən hesab edirəm ki, kimlərsə bizim gəncliyimiz haqqında naümid fikirlər söyləyirsə, səhv edir. Azərbaycan gəncliyi özünün vətənpərvərliyi, vətənsevərliyi, cəsarəti, qətiyyəti, qəhrəmanlığı ilə tarix yazdı. Bu, bizə 44 günlük müharibədə qələbəni qazandıran, Ali Baş komandanımızın rəhbərliyi altında döyüşən Azərbaycan gəncliyi idi. Cənab Prezidentimizin dediyi kimi, bu gənclik  son 20 ildə formalaşdırılmışdır. Vətənpərvər, vətənsevər, mərd, igid, mübariz, qoçaq, qətiyyətli, cəsarətli gəncliyimiz yetişib".

Bu sözləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsindən danışarkən deyib.

Onun özlərinə görə, həm fiziki cəhətdən, həm də mənəvi cəhətdən sağlam gəncliyimiz yetişib:

"Biz onlarla qürur duyuruq. Baxın, Azərbaycanın 20 ildən çox bir müddət ərzində, cənab Prezidentimiz Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən bu günə qədər bütün dünya miqyaslı idman yarışlarında bayraqlarımızı dalğalandığı anlar, himnimizin səsləndiyi anlar Azərbaycan gəncliyinin dövrüdür. Döyüşüb torpaqlarımızı işğaldan azad edən, düşmənə ağ bayraq qaldıran, düşməni məğlub edən Azərbaycan gəncliyidir. Bu gün nəinki elm sahəsində, bütün sahələrdə irəlidə gedən, fəxrlə adını çəkdiyimiz Azərbaycan gəncliyidir. İstər gənc nəsil arasında olsun, istər yaşlı nəsil arasında olsun, istər gənclikdən aşağı uşaqlıq dövründə olan insanlarımız olsun - hər təbəqə insanlar arasında müxtəlif cür əqidəli, davranışlı insanlara rast gəlmək olar. Amma çoxluq fəxr elədiyimiz, qürurla adını çəkdiyimiz Azərbaycan gəncləridir. Xüsusilə 44 günlük müharibədəki qələbəmizdən sonra, bir günlük antiterror uğurumuzdan sonra Azərbaycan gəncliyi daha da qürurludur, qətiyyətlidir, inamlıdır. Hesab edirəm ki, onlar ölkəmizin gələcəyi üçün, ölkəmizi gələcəkdə daha güclü etmək üçün fədakarlıqla öz əməklərini bütün istiqamətlərdə qoymağa hazırdırlar".

Mövzu ilə bağlı danışan ehtiyatda olan polkovnik Elşad İsayev isə öncə Xankəndidə keçiriləcək paraddan danışdı:

"Xankəndidə paradın keçirilməsi bu gün həm Ali Baş Komandanın, həm də Azərbaycan xalqının qətiyyətini göstərir. Çünki uzun illər idi ki, bizim üçün böyük problemlər yaranmışdı. Nə qədər insanlarımız öldürülmüşdü, nə qədər insanımız təhqir olunmuşdu, evlər, kəndlər, şəhərlər dağıdılmışdı. Bütün bunların nəticəsi olaraq Azərbaycan xalqı öz iradəsini göstərdi. Azərbaycan Prezidenti, Ali Baş Komandanın müdrik siyasəti nəticəsində Azərbaycan ordusu Qarabağ və ətraf rayonları bütünlüklə separatçılardan təmizlədi və bu ərazilərdə öz suverenliyini bərpa etdi. Bu, bizim üçün, hər bir azərbaycanlı üçün qürurverici bir hadisədir. Bu gün Xankəndidə hərbi paradın keçirilməsi xüsusi bir diqqət cəlb edir. Uzun illər bizə meydan oxuyan,  bizi təhqir etməyə çalışan, bizi aşağılamağa çalışan rejim yerindəcə məhv edildi. Bu paradın burada keçirilməsi, məhz Xankəndinin seçilməsi çox düzgün addımdır. Bu gün burada keçiriləcək paradın bizim gənc nəslə böyük töhfəsi olacaq. Gənc nəslimizin vətənpərvərlik ruhunda yetişməsində, onların formalaşmasında bu parad yaddaşlarda, tarixdə qalacaq və daim bizi qələbəyə səsləyəcək".

Həmidə İBRAHİMLİ

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "gənc nəslin milli şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi" mövzusunda dərc olunub.