"Bizim zəfərimiz onları haylardan da çox narahat edir" - Deputat

 12:41 08.11.2023     311

Hər bir millətin tarixində uca dağ effektli, ondan uzaqlaşdıqca, yəni baş verdiyi vaxt arxada qaldıqca böyüklüyü daha aydın görünən mərhələlər olur ki, biz hazırda onun içindəyik. Sözü gedən mərhələnin zirvəsində isə İkinci Qarabağ Savaşında qazandığımız zəfər durur və duracaq. Çünki bundan sonra əldə ediləcək bütün, hətta özündən də böyük zəfərlərin hamısı üçün mayak o olacaq. 

Bu gün Azərbaycana qarşı hibrid savaşı aparanlar bəlkə də, bizdən artıq onun fərqindədirlər. Davranışlarına baxdıqda açıqca duyulur ki, bizim zəfərimiz onları haylardan da çox narahat edir. Hətta o qədər narahat edir ki, oktyabrın 15-də Xankəndində ən yüksək səviyyədə vurğulandığı kimi Azərbaycana qarşı açıq düşmənçilik siyasəti yeridirlər. Onların kimlikləri də elə orada açıqlandı: “Baxın görün, bu gün Azərbaycana ən çox düşmənçilik edən hansı ölkələrdir. Həmin ölkələr ki, o vaxt -1992-1993-cü illərdə Ermənistanın yanında idi, onları işğala təhrik edirdi, işğalı dəstəkləyirdi və onlara bəraət qazandırırdı”. 

Cənab İlham Əliyev kimi böyük məktəb keçmiş  və dünyadakı çox liderlərə diplomatiyadan dərs deyə biləcək bir dövlət başçısı adlarını çəkməsə də, “xidmət”lərini xatırlatmaqla hansılardan söhbət getdiyini göstərdiyi ölkələrin bizə düşmənçilik etdiklərini açıq şəkildə dilə gətirirsə, görün, onlar bizə qarşı apardıqları hibrid savaşda nə dərəcədə həddi-hadağanı aşıblar.  Niyə aşıblar, burada din təəssübkeşliyi varmı? Bəli, var. Fransa, digər yırtıcılar, onlara yandaşlıq edənlər Azərbaycanın öz torpaqları uğrunda apardığı savaşa Hantiqtoncasına, yəni sivilizasiyalararası qarşıdurma  prizmasından yanaşdıqlarını gizlətmir və Ermənistanla həmrəylik sərgiləyirlər.  Amma bu həmrəyliyin araxasındaki din faktoru sadəcə aysberqin görünən tərəfidir. Görünməyən, sərgilənməyən tərəfində isə o durur ki, qərbdəkilər də, iki böyük qonşumuz da Azərbaycanın İkinci Qarabağ Savaşı zamanı etdikərini Ermənistandan daha çox öz üzərlərində qələbə kimi dəyərləndirirlər. İki böyük qonşumuz ona görə belə dəyərləndirir ki, bu qələbəni  neçə əsrdən sonra bizim regionda tam şəkildə Azərbaycanmərkəzli siyasət yeritmək qüdrətində olan bir dövlətin meydana çıxdığının təsdiqi kimi dəyərləndirirlər.       

Digər böyük güclərə gəldikdə, fikir verin, görürsünüzmü BMT Təhlükəszilik Şurasının daimi üzvlərinin veto hüqüqlarının saxlanması məsələsində  qərbdəkilərlə Rusiya necə də həmrəy davranırlar. Bu cür həmrəyliyi biz onlarda ancaq torpaqlarımızın işğal altında qalmasına yanaşmalarında görmüşdük ki, hamısı, özəllikllə də keçmiş Minsk qrupunun həmsədrləri bir ağızdan təkid və təhdidlə Azərbaycandan savaş aparmamasını tələb edirdilər.  Biz isə bu tələbə boyu əymədik. Bunula da dünyanın 5-dən ibarət olmadığını göstərərək presedent yaratdıq.

Təbii ki, bu, ətrafında öz milli maraqlarından çıxış edən, onların yerişini yeriyən hər hansı dövlət görmək istəməyən nəhənglərin, heç  birinin marağında deyil. Yəni postsovet məkanında neçə yüz ildə belə demək mümkünsə, özmərkəzli siyasət yeridən bir dövlətin peyda olması təkcə Rusiyanın yox, digər güclərin də arzulamadıqları haldır.  

Onların haylardan alət kimi faydalanaraq apardıqları oyunları da bunu bütün çılpaqlığıyla ortaya qoyur. Deyin, Rusiyanı regiondan çıxarmağa çalışan qərbdəkilər Ermənistanın subyektə çevrilməsi üçünmü bunu edirlər? Əlbəttə yox.  Çünki belədə Ermənistan Fransanın, yaxu da başqa yırtıcıların diqtəsi ilə hərəkət etməkdənsə, milli maraqlarına və potensialına uyğun davranışa üstünlük verəcək.

Bir sözlə, Azərbaycan İkinci Qarabağ Savaşında təkcə yeni regional reallıq formalaşdırmadı. Öncə də bildirmişdim, indi də təkrarlayıram ki, de-fakto qlobal konyukturanı dəyişən geosiyasi inqilab etdi. Biz bunu öna görə bacardıq ki, cənab İlham Əliyev kimi qətiyyətli, geniş vizionlu, yüksək dərəcədə informasiyalı və diplomatik incəlikləri çox gözəl bilən strateq- sərkərdəmiz var.  Bunu həm də ona görə bacardıq ki, İkinci Qarabağ Savaşında bütün Azərbaycan orduya çevrildi.    

Ordunun xalqlaşdığı və xalqın ordulaşdığını gösətərən ən dəqiq mənzərə isə Azərbaycan qadınının öz  şəhid oğlunun, ərinin, qardaşının nəşini çiyinlərində əbədiyyətə yola salması idi. Mən ilk dəfə onda gördüm ki, qəhərlə qürur ikisi eyni zamanda boğazda nə cür  düyünlənə bilər, şəhid qanıyla  təkcə torpağın vətənə çevrilmədiyini, həm də azərbaycanlı adlı xalqdan siyasi millət yarandığını görən gözlərimizdən  kədər və sevinc yaşları necə birgə axarmış.   

Bu zəfərimiz üçün öz canlarından keçən Əbədiyyət Yolçularına salam olsun deyirəm! Neçəki Azərbaycan var minnətdarlıqla anılacaqlar.

Doğmaları doğmamızdır!  Bu ordu xalqın qəhrəman təmsilçiləri qazilərimizə isə sevgi və sayğımı bildirirəm!

Sahib Alıyev,

Milli Məclisin deputatı