YAP Ağsu rayon təşkilatının 30 illik yubileyi - FOTOLAR

 22:37 16.11.2023     450

Noyabr ayının 16-da Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatının təsis olunmasının 30 illiyi münasibətilə təntənəli tədbir keçirilib.

Redaktor.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini və Qəhramanlıq kompleksini ziyarət edib, əziz xatirələrini ehtiramla anıblar.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda mübarizədə canlarını qurban vermiş Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra Yeni Azərbaycan Partiyasının fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan rayon təşkilatının sədri Füzuli Abdullayev tədbir iştirakçılarını salamlayaraq, YAP Ağsu rayon təşkilatının 30 illik fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, təşkilatın hər bir üzvü Ulu Öndər Heydər Əliyev siyasətinin və ideyalarının təbliğatçısıdır. Onlar partiyanın Nizamnaməsinə və Proqramına uyğun olaraq qarşıya qoyulan vəzifələrin uğurlu icrasına öz töhfəsini verməyə çalışırlar. Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının sıraları getdikcə daha da artmaqdadır. Bu, dövlətimizin başçısına və Yeni Azərbaycan Partiyasına Azərbaycan cəmiyyətində olan dərin inamdan irəli gəlir. Füzuli Abdullayev qeyd etdi ki, bütövlükdə, partiyanın bugünkü uğurları gələcəyə daha böyük əminliklə yanaşmağa əsas verir.

Tədbirdə Ağsu rayon İcra Hakimiyyətinin Başçısı Rövşən Bağırov çıxış edərək, Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, keçdiyi inkişaf yolundan, cəmiyyətdə artan rolundan, ölkəmizin hər bir uğuruna töhfəsindən geniş bəhs edib. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu, zəngin siyasi və dövlətçilik təcrübəsinə söykənən Yeni Azərbaycan Partiyası ölkədə ən güclü, monolit siyasi təşkilatdır. Dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin Sədrliyi ilə uğurla inkişaf edir, regionun ən böyük siyasi təşkilatına çevrilib. Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq, xalqın və dövlətin mənafeyi naminə fəaliyyətini davam etdirəcək.

YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin komitə sədri Tahir Rzayev çıxış edərək qeyd etdi ki, Azərbaycanın hər bir uğurunda Yeni Azərbaycan Partiyasının öz payı var. Dövlətə, xalqa xidmət etmək partiyanın fəaliyyətinin ana xəttini təşkil edir.Partiyanın irəli sürdüyü hər bir təşəbbüs və qəbul etdiyi qərarlar Azərbaycanın daha da qüdrətlənməsinə xidmət edir.

YAP İdarə Heyətinin üzvü Asif Əsgərli Azərbaycan xalqının taleyində müstəsna yerə malik olan Yeni Azərbaycan Partiyasının dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlı olmasını, bu gün partiyanın sədri,  dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf etməsini və müstəqil Azərbaycanın həyatında önəmli yerə və rola malik olmasını diqqətə çatdırıb. Asif Əsgərli YAP Ağsu rayon təşkilatının yaradılmasının 30-cu ildönümü münasibətilə iştirakçıları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Ağsu rayon Veteranlar Şurasının sədri Camaləddin Zeynalov, Əməkdar müəllim, Partiya üzvü Rəhilə Musayeva, Vətən Müharibəsi şəhidi İbişov Vüsalın atası, partiya üzvü Əli İbişov çıxış edərək Yeni Azərbaycan Partiyasının həm Ulu Öndər Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın çiçəklənməsi yolunda şərəfli bir yol keçmiş partiya olduğunu, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən islahatların və proqramların ümumilikdə insanların həyat və şəraitinin, o cümlədən sosial rifah halının yüksəldilməsinə hesablandığını qeyd ediblər.

Çıxışlardan sonra YAP Ağsu rayon təşkilatının inkişafında və rayonun ictimai siyasi həyatında fəal iştiraklarına görə bir qrup partiya fəalı Fəxri Fərmanla mükafatlandırılıb, partiyaya yeni üzv qəbul edilmiş gənclərə isə üzvlük vəsiqələri təqdim edilib.

Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.

22222222222222222222222